






Gəncə Dövlət Universitetinin Filologiya və xarici dillər fakültəsində müəllim Aytən Rəhimli tərəfindən “Ali təhsildə interaktiv tədris və qiymətləndirmə metodları” mövzusunda metod seminarı keçirilmişdir. Seminarın əsas məqsədi ali təhsil mühitində müasir tədris yanaşmalarının tətbiqi, tələbələrin dərsə aktiv cəlb olunması və qiymətləndirmə prosesinin daha effektiv təşkili yollarının müzakirəsi olmuşdur.
Seminar zamanı müxtəlif interaktiv metodlar təqdim olunmuşdur. Bu metodlar sırasında vəziyyətin təhlili (case study), “Shark Tank” yanaşması, “Show-and-Tell” metodu, “Altı düşüncə şapkası” metodu və rol oyunları (simulation və role-play) xüsusi yer tutmuşdur. Hər bir metodun tətbiq qaydaları izah edilmiş, praktiki nümunələrlə onların tədrisdə effektivliyi nümayiş etdirilmişdir.
Xüsusilə qeyd olunmuşdur ki, interaktiv metodlar tələbələrin tənqidi təfəkkürünün inkişafına, kommunikativ bacarıqlarının güclənməsinə və öyrənmə motivasiyasının artmasına müsbət təsir göstərir. Seminar çərçivəsində tələbələrin iştirakı ilə təşkil olunan rol oyunu iştirakçılar tərəfindən maraqla qarşılanmış və bu cür fəaliyyətlərin dərs prosesinə inteqrasiyasının əhəmiyyəti vurğulanmışdır.
Bundan əlavə, müasir rəqəmsal alətlərin tədris prosesində istifadəsi və müxtəlif qiymətləndirmə üsullarının tətbiqi məsələlərinə də toxunulmuşdur. Seminar interaktiv müzakirələrlə davam etmiş, iştirakçıların fikir mübadiləsi üçün əlverişli şərait yaradılmışdır.
Sonda qeyd edilmişdir ki, ali təhsildə interaktiv tədris və qiymətləndirmə metodlarının tətbiqi təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayır.