






I Ümumittifaq Türkoloji Qurultayının 100 illiyinə həsr olunmuş intellektual bilik yarışı keçirilib. Yarışın əsas məqsədi türkoloji irsin təbliği, Azərbaycan dilinin və türk xalqlarının ortaq mədəni-mənəvi dəyərlərinin tanıdılması, eləcə də tələbələrin bilik və intellektual bacarıqlarının inkişaf etdirilməsi olub.
Bilik yarışında ümumilikdə 9 komanda iştirak edib. İştirakçılara I Ümumittifaq Türkoloji Qurultay ilə bağlı mövzuları əhatə edən 24 sual təqdim olunub. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın nəticələrinə əsasən, I yerə “Dilçilər” komandası, II yerə “Altay” komandası, III yerə isə “Dil keşikçiləri” komandası layiq görülüb.
Yarışın nəticələrini Filologiya və xarici dillər fakültəsinin dekanı Yadigar Əliyev, fakültənin elmi məsələlər üzrə dekan müavini Mehriban Məmmədova, humanitar məsələlər üzrə dekan müavini Arzu Babayeva, Azərbaycan dili kafedrasının dosenti Gülarə Məlikova və Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi Aygün Yusubovadan ibarət münsiflər heyəti qiymətləndirib.
İntellektual bilik yarışı iştirakçıların öz biliklərini nümayiş etdirməsi, komanda şəklində işləmək bacarıqlarını inkişaf etdirməsi və türkoloji irsə maraqlarının artırılması baxımından əhəmiyyət daşıyıb.
Qeyd edək ki, I Ümumittifaq Türkoloji Qurultayı 1926-cı ildə Bakıda keçirilib və türk xalqlarının dil, əlifba və mədəniyyət məsələlərinin müzakirəsində mühüm tarixi rol oynayıb. Qurultayın 100 illiyinə həsr olunan bu cür tədbirlər zəngin türkoloji irsin gələcək nəsillərə çatdırılmasına xidmət edir.