Gəncə Dövlət Universitetində “Diferensial öyrənmə mühitinin təşkili” mövzusunda təlim keçirildi

Gəncə Dövlət Universitetinin Filologiya və xarici dillər fakültəsinin və Əlilliyi olan tələbələr üçün Mərkəzin birgə təşkilatçılığı ilə “Diferensial öyrənmə mühitinin təşkili” mövzusunda təlim keçirildi. Təlim pedaqogika üzrə fəlsəfə doktoru, Gəncə Dövlət Universitetinin müəllimi Lamiyə Hacımuradova tərəfindən aparıldı. Təlimin əsas məqsədi təhsil prosesində tələbələrin fərdi xüsusiyyətlərini, öyrənmə ehtiyaclarını, maraq və qabiliyyətlərini nəzərə alan diferensial yanaşmanın əhəmiyyətini diqqətə çatdırmaq, müasir tədris metodları haqqında məlumat vermək və inklüziv təhsil mühitinin formalaşdırılmasına töhfə verməkdir. Tədbir çərçivəsində diferensial öyrənmənin mahiyyəti, tədris prosesində fərdi yanaşmanın tətbiqi, tələbələrin fərqli öyrənmə ehtiyaclarına uyğun təlim strategiyalarının seçilməsi, tədris materiallarının və tapşırıqların uyğunlaşdırılması, eləcə də hər bir tələbənin təhsil imkanlarından səmərəli istifadə etməsi üçün əlverişli mühitin yaradılması məsələlərinin müzakirəsi nəzərdə tutulur. Diferensial öyrənmə yanaşması tələbələrin fərdi xüsusiyyətlərini nəzərə almaqla onların təlim prosesində fəal iştirakını, bilik və bacarıqlarının inkişafını, akademik nailiyyətlərinin yüksəldilməsini hədəfləyir. Bu yanaşma, eyni zamanda, təhsildə bərabər imkanların təmin olunmasına, tələbələrin fərdi potensiallarının üzə çıxarılmasına və hər kəs üçün əlçatan, dəstəkləyici öyrənmə mühitinin formalaşdırılmasına xidmət edir. Təlim ali təhsil müəssisələrində müasir pedaqoji yanaşmaların tətbiqi, tədrisin keyfiyyətinin artırılması və inklüziv təhsil prinsiplərinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, bu cür maarifləndirici tədbirlərin keçirilməsi pedaqoji təcrübənin təkmilləşdirilməsi, müasir təlim metodlarının yayılması və universitetdə inklüziv, tələbəyönümlü təhsil mühitinin inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir.