“Siyasi terminlərin tərcüməsi” fənni üzrə açıq dərs keçirildi

Gəncə Dövlət Universitetinin “Leksika və ölkəşünaslıq” kafedrasının müəllimi Aytən Rəhimlinin Tərcümə (ingilis dili) ixtisası III kurs tələbələrinə “Siyasi terminlərin tərcüməsi” fənni üzrə açıq dərsi keçirilib.
​”Judicial Power” (Məhkəmə hakimiyyəti: Siyasi-hüquqi terminologiyanın tərcüməsi və kontekstual təhlili) mövzusuna həsr olunmuş dərs müasir fəal təlim metodları və İKT resurslarının tətbiqi ilə diqqət çəkib.
​Dərs zamanı tələbələr xarici ölkələrin nümayəndələri rolunda çıxış edərək beynəlxalq konstitusiya faktlarını ingilis dilində təqdim edib, digər tələbə tərəfindən isə bu çıxışlar Azərbaycan dilinə canlı şəkildə ardıcıl (sinxron) tərcümə olunub. Daha sonra Azərbaycan Respublikasının Konstitusiyasının VII bölməsi üzrə rəsmi ingilis dili tərcüməsinin müqayisəli leksik-semantik təhlili aparılıb.
​Dərsin interaktivliyini artırmaq məqsədilə tələbələrin terminoloji bilikləri “Kahoot” platforması vasitəsilə operativ qiymətləndirilib. Yekunda isə məhkəmə prosesinə dair videoçarxın tələbələr tərəfindən canlı şəkildə ingilis dilində audiovizual dublajı nümayiş etdirilib.
​Açıq dərsdə iştirak edən kafedra əməkdaşları və qonaqlar dərsin metodiki baxımdan yüksək səviyyədə qurulduğunu, tələbələrin praktiki tərcümə vərdişlərinə mükəmməl yiyələndiklərini vurğulayaraq dərsi yüksək qiymətləndiriblər.