


Gəncə Dövlət Universitetində fakültələrarası əməkdaşlığın gücləndirilməsi məqsədilə Filologiya və Xarici Dillər fakültəsi ilə Fizika və texniki fənlər fakültəsinin birgə təşkilatçılığı ilə “Elmi məqalələrdə struktur, plagiat təhlükəsi və akademik etika məsələləri” mövzusunda elmi seminar keçirilib.
Seminarın əsas məqsədi tədqiqatçılar, müəllimlər, magistr və tələbələr arasında elmi yazı qaydaları, akademik dürüstlük prinsipləri və plagiatın qarşısının alınması istiqamətində maarifləndirmə işinin aparılması, eyni zamanda fakültələr arasında elmi və akademik əməkdaşlığın genişləndirilməsi olub.
Tədbirdə elmi məqalələrin düzgün strukturlaşdırılması, giriş, metodologiya, nəticə və istinad sisteminin elmi tələblərə uyğun qurulması, plagiatın elmi fəaliyyətə mənfi təsirləri, akademik etikanın əsas prinsipləri və elmi dürüstlük məsələləri ətrafında geniş müzakirələr aparılıb.
Seminarda çıxış edənlər elmi dürüstlüyün keyfiyyətli tədqiqatın və etibarlı elmin əsasını təşkil etdiyini vurğulayaraq, akademik etikaya riayət edilməsinin müasir elmi fəaliyyətin vacib tələblərindən biri olduğunu bildiriblər.
Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və gələcəkdə bu istiqamətdə fakültələrarası birgə seminarların və layihələrin davam etdirilməsinin vacibliyi qeyd olunub.




