

05.12.2025- ci il tarixdə Xarici dillər Fakültəsində TEC və THİK təşkilatçılığı ilə “Xarici dillərin tədrisində və tərcüməsində müasir yanaşmalar və innovativ perspektivlər” adlı tələbə elmi konfrası keçirildi. Tədbirin keçirilməsində məqsəd tələbələrin elmi-tədqiqat fəaliyyətinə marağının artırılması, müasir dilçilik və tədris metodları ilə tanışlıq və onların elmi yaradıcılığa təşviq edilməsindən ibarət olub.
Konfrans dövlət himninin səsləndirilməsi ilə açıq elan edilib.
Konfransı rəsmi açılışında GDU-nun Elm və İnnovasiyalar üzrə prorektoru, dosent, millət vəkili – Pərvin Kərimzadə, Xarici Dillər Fakültəsi “Rus dili” kafedrasının dosenti – Sevda Əliyeva, Xarici Dillər Fakültəsi “Praktik Xarici Dillər” kafedrasının dosenti – Suqurə Məhərrəmova, Xarici Dillər Fakültəsinin Tədris işləri üzrə dekan müavini – Məleykə Aslanova, Xarici Dillər Fakültəsinin Humanitar məsələlər üzrə dekan müavini – Arzu Babayeva, Xarici Dillər Fakültəsinin “Qrammatika və İngilis dilinin tədrisi” kafedrasının baş müəllimi – Türkan Ağayeva, GDU-nun Tələbə Elmi Cəmiyyətinin sədri – Lalə Ələkbərova, GDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri – Pərviz Adıgözəlov, Gdu-nun Tələbə Gənclər Təşkilatının sədri – İsrafil Abbasov, Xarici Dillər Fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri – Sevgi Məmmədova, Xarici Dillər Fakültəsinin Tələbə Elmi Cəmiyyətinin sədri – Nərgiz Tanırverdiyeva çıxış etdilər.
GDU-nun Elm və İnnovasiyalar üzrə prorektoru, dosent, millət vəkili Pərvin Kərimzadə çıxış edərək tələbələrin elmə marağının universitetin inkişaf strategiyasının prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. O, innovativ düşüncə, tədqiqat bacarığı və akademik inkişafın əmək bazarının tələblərinə uyğun mütəxəssis yetişdirilməsində mühüm rol oynadığını bildirib.
Çıxışlar zamanı tələbələrin elmi fəaliyyətə marağının artırılması, müasir metodologiya, tərcümə təcrübəsi, innovativ nümunələr və tətbiqi araşdırmaların xarici dillərin tədrisində əhəmiyyəti vurğulanıb. Tələbələrin məqalə yazma və tədqiqat prosesində analitik düşünmə bacarıqlarının formalaşması, dil tədrisində qrammatik yanaşmaların dəyişən xarakteri, tərcümə nəzəriyyəsi və tərcümə texnologiyalarının dil təliminə təsiri barədə maraqlı məqamlar səsləndirilib. Tələbələrin bu platformalarda iştirakının onların həm elmi, həm də sosial inkişafına mühüm töhfə verdiyi, bu cür tədbirlərin gələcək magistr və pedaqoqlar üçün böyük təcrübə olduğunu qeyd edilib.
Rəsmi hissədən sonra tədbir fakültə kitabxanasında davam etdirilib. Burada tələbə məruzəçilər araşdırmalarını təqdim edib, suallara cavab verib və münsiflər heyətinin rəyini dinləyiblər. Məqalələr dilçilik, tərcümə nəzəriyyəsi, pedaqogika, psixodidaktika, müasir tədris metodları, terminologiya, süni intellektin dil tədrisində tətbiqi kimi mövzuları əhatə edib.
Qiymətləndirmə meyarları elmi yenilik, struktur, mənbə istifadə mədəniyyəti, akademik dil səviyyəsi və təqdimat bacarığı əsasında həyata keçirilib. Məruzələr münsiflər heyəti tərəfindən qiymətləndirilib və nəticələrə əsasən ən yaxşı 4 məqalə müəllifi 100 AZN pul mükafatı ilə təltif olunub. Konfransda iştirak edən bütün tələbələrə sertifikatlar təqdim edilib.
Tədbir tələbələrin elmi tədqiqat, təqdimat və innovativ yanaşma bacarıqlarının inkişafına töhfə verməklə yanaşı, fakültədə akademik mühitin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.




