Əmək bazarının nümayəndələri ilə görüş: universitet–işəgötürən əməkdaşlığının inkişafı istiqamətində növbəti addım

Universitetlə işəgötürənlər arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, ali təhsil müəssisəsində həyata keçirilən kadr hazırlığının real əmək bazarının tələblərinə uyğunlaşdırılması və tələbələrin gələcək peşə fəaliyyətinə hazırlığının dəstəklənməsi məqsədilə “Əmək bazarının nümayəndəsi ilə görüş” layihəsi çərçivəsində növbəti görüş təşkil edildi.

Görüşdə 4 saylı tam orta məktəbin direktoru Əliağa Səfərəliyev və məktəbin praktik psixoloqu Günay Bayramova iştirak etdilər. Tədbir universitetin 4-cü tədris ili tələbələri üçün nəzərdə tutuldu və gələcək mütəxəssislərlə təhsil müəssisələrinin təcrübəli nümayəndələri arasında birbaşa ünsiyyət platforması yaratdı.

Görüş zamanı müasir təhsil mühitinin tələbləri, müəllim peşəsinin qarşısında duran yeni vəzifələr, məktəbdə təlim-tərbiyə prosesinin təşkili, müəllim və şagird münasibətləri, eləcə də təhsilalanların psixoloji xüsusiyyətlərinin nəzərə alınmasının əhəmiyyəti ətrafında fikir mübadiləsi aparıldı.

Məktəb direktoru Əliağa Səfərəliyev təhsil müəssisəsində idarəetmə və pedaqoji fəaliyyətin təşkili, müəllimdən gözlənilən peşəkar keyfiyyətlər, məktəb mühitində qarşıya çıxan çətinliklər və onların həlli yolları barədə öz təcrübəsini tələbələrlə bölüşdü. O, gələcək müəllimlərin yalnız nəzəri biliklərə deyil, həm də praktik bacarıqlara, məsuliyyət hissinə, təşəbbüskarlığa və sağlam ünsiyyət qurmaq qabiliyyətinə yiyələnməsinin vacibliyini vurğuladı.

Məktəbin praktik psixoloqu Günay Bayramova isə təhsil prosesində psixoloji yanaşmanın rolundan, şagirdlərin fərdi və yaş xüsusiyyətlərinin nəzərə alınmasından, emosional və sosial ehtiyaclarının düzgün qiymətləndirilməsindən danışdı. O, müəllimlərin şagirdlərlə effektiv ünsiyyət qurması, onların motivasiyasının artırılması və sağlam psixoloji mühitin formalaşdırılmasında diqqət yetirilməli məqamlara toxundu.

İnteraktiv müzakirə şəraitində keçən görüşdə tələbələr onları maraqlandıran sualları ünvanladılar, məktəb mühitində qarşılaşa biləcəkləri real situasiyalar, peşə fəaliyyətinə adaptasiya və gələcək müəllim kimi inkişaf imkanları barədə ətraflı məlumat əldə etdilər.