
Bu gün Novruzun ikinci çərşənbəsi-Od çərşənbəsidir. Boz ay bu çərşənbə ilə ömrünün tam yarısını başa vurur və təbiətin diriləcəyi günü bizə daha da yaxınlaşdırır. Od çərşənbəsinə bəzən xalq arasında “üskü (tonqal) çərşənbə” və ya ocaq çərşənbəsi, “üskü gecəsi”, “xəbərçi çərşənbə” də deyirlər.
Od çərşənbəsi Novruz bayramının dörd əsas çərşənbəsindən biridir və xalq inanclarında xüsusi yer tutur. Bu çərşənbə od və işıqla bağlı ritualların keçirildiyi gündür.
Adətə görə Od çərşənbəsində bayram tonqalı həyət qapısının sonunda qalanar ki, evə daxil olan özü ilə birgə ağırlıq, pis niyyəti gətirməsin, nə varsa odda yansın.
Beləliklə, Od çərşənbəsi əsəsən, ağırlığın məhv olduğu çərşənbə kimi xarakterizə olunur. Türk dünyagörüşünün mifoloji qatında mistik qüvvələrə inam hər zaman olub. Hər zaman da o qara qüvvələri məhz odun məhv edə biləcəyinə inanıblar. Od çərşənbəsi həm də onların məhvi baxımından vacib ritual sayılıb. Belə bir deyim də var: “Qara yerdən üstünə qonan görünməzlər var, oda ver, yandır”.
Od çərşənbəsi sadəcə bir tonqal yandırmaq adəti deyil, onun kökləri minilliklərə gedib çıxır və çox dərin mənalar daşıyır. Həm qoruyucu, həm təmizləyici, həm də gələcək üçün ümidverici rituallar bu günə qədər yaşamaqdadır.