“Money” mövzusuna həsr olunmuş açıq dərs

03 mart 2026-cı il tarixində Filologiya və Xarici Dillər fakültəsində “Tərcüməçinin yazı vərdişləri” fənni üzrə müəllim Aysel Mehdiyeva Akif qızının Cutting Edge dərs vəsaitinin Unit 14 – “Money” mövzusuna həsr olunmuş açıq dərsi keçirildi. Açıq dərsin əsas məqsədi tələbələrin yazı bacarıqlarını inkişaf etdirmək, maliyyə və pul mövzusu üzrə leksik ehtiyatlarını zənginləşdirmək, həmçinin mövzunun praktik və yaradıcı şəkildə tətbiqinə nail olmaq idi. Dərs zamanı müəllim kommunikativ yanaşmadan istifadə edərək tələbələrin aktiv iştirakını təmin etdi. Tələbələr yeni pul əskinasları dizayn edərək onların üzərində təsvir olunan elementlər, simvollar və dəyərlər haqqında ingilis dilində geniş məlumat təqdim etdilər. Bu fəaliyyət onların həm yaradıcılıq, həm də yazılı və şifahi ifadə bacarıqlarının inkişafına müsbət təsir göstərdi.

Müzakirə mərhələsində tələbələr təqdim etdikləri ideyalar üzərində fikir mübadiləsi apardılar, sualları cavablandırdılar və mövzu ətrafında sərbəst şəkildə öz fikirlərini ifadə etdilər. Müəllim tərəfindən onların çıxışları diqqətlə dinlənildi və müvafiq geribildirim verildi.

Dərs maraqlı və interaktiv mühitdə təşkil olundu, tələbələr fəal iştirak edərək tapşırıqları uğurla yerinə yetirdilər. Bu isə onların mövzuya olan marağını daha da artırdı və öyrənmə prosesinin effektivliyini yüksəltdi.