22 oktyabr 2026-cı il tarixində Gəncə Dövlət Universitetinin Filologiya və xarici dillər fakültəsinin Qrammatika və ingilis dilinin tədrisi kafedrasının dosenti (attestatsız) Arzu Babayevanın “Classroom Interaction and Classroom Language” (Sinifdaxili qarşılıqlı əlaqə və sinif dili) mövzusunda açıq dərsi keçirilib.
Dərs zamanı ingilis dilinin tədrisində sinifdaxili qarşılıqlı əlaqənin rolu, müəllim və tələbə ünsiyyətinin xüsusiyyətləri, müəllim və tələbə nitqinin dərsin səmərəliliyinə təsiri, eləcə də təlim prosesində sinif dilindən düzgün və məqsədyönlü istifadənin əhəmiyyəti kimi məsələlərə toxunulub.
Mövzunun nəzəri və praktik aspektləri əsasında tələbələrin dərs prosesində fəallığının artırılması, ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi və interaktiv təlim mühitinin formalaşdırılması məsələləri diqqət mərkəzində olub.
Arzu Babayeva müasir təlim metodlarından və interaktiv tədris üsullarından səmərəli istifadə edərək tələbələrin dərs prosesində fəal iştirakını təmin edib. Müəllim-tələbə və tələbələrarası qarşılıqlı ünsiyyətə əsaslanan fəaliyyətlər vasitəsilə mövzunun mənimsənilməsinə, tələbələrin kommunikativ bacarıqlarının inkişafına və nəzəri biliklərin praktik tətbiqinə xüsusi diqqət yetirilib. İstifadə olunan interaktiv yanaşmalar dərsin səmərəli təşkilinə, tələbəyönümlü təlim mühitinin formalaşdırılmasına və ingilis dilinin tədrisində müasir metodların tətbiqinə xidmət edib.
Açıq dərsdə Filologiya və xarici dillər fakültəsinin dekanı, professor Yadigar Əliyev, tədris məsələləri üzrə dekan müavini Məleykə Aslanova, Qrammatika və ingilis dilinin tədrisi kafedrasının müdiri Elnarə Abdullayeva və kafedranın baş müəllimi Türkan Cəlilova iştirak ediblər.





