Qəlblərdə yaşayan istedadlı alim və şəxsiyyət Aida İmanquliyeva

Aida İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb. Görkəmli jurnalist, pedaqoq, əməkdar elm xadimi, Azərbaycan mətbuatının bünövrəsini qoyanlardan biri olmuş və “Bakı” və “Baku” qazetinin baş redaktoru Nasir İmanquliyevin qızıdır.

Dünyada elə insanlar var ki, onlar  bütün qəlbi ilə bu və ya digər sahəyə bağlanır, ömrünü ona həsr edir. Və zaman keçdikcə  onların bu zəhməti  böyük bir cərəyanın, məktəbin əsasını təşkil edir. Bu mənada Azərbaycan öz ziyalıları, alimləri ilə sözün həqiqi mənasında öyünə bilər. Biz belə insanları daim xatırlamalı, onları təbliğ etməli, gənc nəslə tanıtmalıyıq. Və əlbəttə ki, bizi fərəhləndirən əsas məqam odur ki,  bu ziyalı həm də qadındır və o, elə bir məsələnin təməlini qoyur ki, illər sonra bu problem dünyanın aktual mövzusuna çevrilir.
Bu gün, ölkəmiz də mədəni, linqvistik, etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti multikulturalizm sahəsində əsrlərdən bəri toplanmış böyük tarixi təcrübənin xüsusi qayğı ilə əhatə olunmasını, zənginləşdirilməsini, cəmiyyətdə bu istiqamətdə qazanılmış unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsini zəruri edir. Məhz bu baxımdan Aida İmanquliyevanın yaradıcılığı çox dəyərlidir.
Aida xanımda Azərbaycan qadınlarına xas olan ən nəcib keyfiyyətlər təcəssüm edirdi. Onun ömür yolu həyatın, varlığın əsasında duran mənəvi bağları qurmağa, tamlığa, vəhdətə can atan bir insan idrakının, bir ana, bir qadın ruhunun təcəssümü olub. Onun bütün elmi-bədii yaradıcılığı, ictimai fəaliyyəti də bütövlüyə, vəhdətə can atan xarakterin ifadəsi olub. Bəlkə də elə bu xarakterin ifadəsidir ki, xalqımızın tarixində ilk azərbaycanlı qadın – ərəbşünas – elmlər doktoru olan bu böyük alim öz həyatını xalqının tarixinin, ənənələrinin minillik dərin köklərlə bağlı olduğu Şərq mədəniyyətini və ədəbiyyatını öyrənməyə sərf edib və özünün şəxsiyyəti və yaradıcılığı timsalında dünənimizlə bugünümüz arasındakı əlaqə bağlarını bərpa etməyə çalışıb.
Onu da deməliyik ki, bu gün Aida xanımın arzu və əməlləri Nərgiz xanım Paşayevanın, xüsusilə, Mehriban xanım Əliyevanın timsalında  əzmlə davam etdirilir. Bu gün biz fəxrlə deyə bilərik ki, Aida xanım İmanquliyevanın ailə ənənələri bu gün onun nəcabətli övladlarının timsalında yaşayır və nəsildən-nəslə keçərək əbədilik qazanır.

 Həyat sınaqlardan ibarətdir. Kim  bu sınaqlardan şərəflə çıxırsa bax, əsl insan da odur. Belələrinə Allah hər iki dünyada əbədi səadət bəxş edir. Aida İmanquliyeva da həyatın bütün sınaqlarından şərəflə çıxmış məhz belə bir insan idi. Ədəbiyyatçı, şərqşünas, alim, tərcüməçi, ən əsası isə xeyirxah insan. Onun  həyatdan vaxtsız gedişi hamı üçün gözlənilməz oldu, lakin zaman göstərdi ki, böyük alim və insan, zamanı qabaqlayıb özünəməxsus ideyaya  və onu ifadə etmək qabiliyyətinə, elmi düşüncəsinə görə yeni əsrin adamı ola bilir və yaddaşlarda əbədi yaşayır. 

  Aida xanım İmanquliyeva 52 yaşında dünyadan köçsə də şərqşünaslıq elmində gördüyü böyük işlər, insan və ziyalı xanım kimi gözəl əməlləri bu günədək yaddaşlarda yaşayır və daim yaşayacaqdır.