Xocalı soyqırımı yalnız Azərbaycan və azərbaycanlıların deyil, bütün bəşəriyyətin, hər bir insanın faciəsidir. Dünya birliyi günahsız insanların qətlini qəbul etməməli, Xocalı faciəsi ilə bağlı ədalət səsini ucaltmalıdır.
Azərbaycan Prezidenti İlham Əliyevin Xocalı soyqırımının otuzuncu ildönümü haqqında imzaladığı sərəncamda deyilir ki, Ermənistanın azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımı, eləcə də Bağanıs Ayrım, Qaradağlı, Ağdaban və Başlıbel qətliamları ilə müşayiət olunan hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizə qədəri işğal edildi, 20 min vətəndaşımız qətlə yetirildi, 50 min nəfərdən artıq adam yaralandı və əlil oldu. Azərbaycan böyük humanitar fəlakətlə üz-üzə qaldı.
Ermənistanın daim mülki əhalini hədəf seçən təxribatlarına və hərbi təcavüzünə cavab olaraq 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı əzəli torpaqlarının işğaldan qurtarılması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi və tarixi ədalətin bərpa edilməsi uğrunda Vətən müharibəsinə qalxdı.
Vətən müharibəsinin gedişatında Ermənistanın Gəncəni, Bərdəni, digər şəhər və kəndlərimizi kütləvi məhvetmə imkanlarına malik ballistik və reaktiv raketlərlə, kasetli bombalarla hədəfə alması bir daha sübut etdi ki, zamanla metodlar dəyişsə də, mülki əhaliyə qarşı qanlı cinayətlər törətmək Ermənistan tərəfinin daim həyata keçirdiyi dövlət siyasətidir. 44 gün sürən döyüşlər nəticəsində rəşadətli Azərbaycan Ordusu parlaq Qələbə qazanaraq doğma torpaqlarımızı işğaldan azad etdi.
Beləliklə, Azərbaycan dövlət başçısının Xocalı soyqırımının 30-cu ildönümünün keçirilməsi ilə bağlı imzaladığı mühüm sərəncamın şərtlərindən irəli gələrək, eyni zamanda, vətəndaşlıq və soydaşlıq borcumuzun yerinə yetirilməsi baxımından bu il əvvəlki illərdən də artıq mütəşəkkil olmalı, səsimizi dünyaya çatdırmağı, həqiqətlərimizin qəbul edilməsinə, tarixin bu amansız qətliamına beynəlxalq siyasi-hüquqi qiymətin verilməsinə nail olmalıyıq.
Xalqımız Bağanıs Ayrımın da, Meşəlinin də, Qaradağlının da, Ağdabanın da, Xocalının da … qisasının alınmasını istəyirdi.
Vətən müharibəsində Zəfər qazandıq. Bu Zəfər o faciələrin ağrı-acılarını yumşaltdı, təsəlli oldu…
Xocalı faciəsindən 30 il keçir. Belə faciələr unudulmayacaq, tariximizin bir səhifəsi kimi həmişə anılacaq. Anılacaq ki, yeniyetmələr, gənclər Vətəni daha böyük məhəbbətlə sevsinlər. Anılacaq ki, düşmən belə vəhşilikdən çəkinsin, Azərbaycanın dövlət sərhədlərinə yaxın-laşmağa cəsarət etməsin.
Xocalı faciəsi heç zaman unudulmayacaq.