22 noyabr 2021-ci il tarixində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq!” adlı seminar keçirilib. Tədbirdə GDU-nun Xarici dillər fakültəsinin Humanitar məsələlər üzrə dekan müavini Arzu Babayeva və fakültə tələbələri, eyni zamanda məktəbli və gənclər iştirak ediblər.
Çıxışlar zamanı seminarın mövzusunun aktuallığı qeyd edilərək radikalizmin və ekstremizmin mahiyyəti, yaratdığı fəsadlar, o cümlədən gələcək təhlükəsi haqqında ətraflı məlumat diqqətə çatdırılıb. Vurğulanıb ki, insan və cəmiyyətin davamlı inkişafı, rəqabətə qabil şəxsiyyətin yetişdirilməsi, dini radikalizmə və ekstremizmə qarşı mübarizə apara bilən vətəndaşın formalaşdırılması təhsillə, təlim-tərbiyə işinə son dərəcə ciddi elmi yanaşmalarla bağlıdır. Cəmiyyət arasında radikalizm və ekstremizmin təbliği istiqaməti üzrə fəaliyyət göstərən xüsusi dini qruplaşmalara, qeyri-ənənəvi dini cərəyanlara qarşı qətiyyətli mübarizə aparılmalıdır. Bu baxımdan dini radikalizmə və ekstremizmə qarşı mübarizədə təhsilin böyük rolu olduğu qeyd edilib. Bununla yanaşı şagirdlər, tələbələr ilə davamlı görüşlər keçirərək onlarla maarifləndirici, mənəvi-əxlaqi söhbətlər edilməsi, valideynlər və müəllimlər tərəfindən yeniyetmələrin sosial şəbəkə fəaliyyətinə nəzarət gücləndirilməsi, eyni zamanda onların asudə vaxtlarının səmərəli təşkili üçün münbit şərait yaradılması diqqətə çatdırılıb.