Tələbələr Nizami Gəncəvinin muzeyini və məqbərəsini ziyarət etdilər

28.10.2026-cı il tarixdə Filologiya və xarici dillər fakültəsinin tələbələri dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin muzeyini və məqbərəsini ziyarət ediblər.

Ziyarətin əsas məqsədi tələbələrin milli ədəbi irsimizə marağını artırmaq, dahi şairin zəngin yaradıcılığını daha dərindən öyrənmələrinə şərait yaratmaq, eləcə də onlarda milli-mənəvi dəyərlərə hörmət hissini gücləndirmək olub.

Ziyarət zamanı Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi Vüsal İsgəndərov tələbələrlə Nizami Gəncəvinin həyat və yaradıcılığı, dünya ədəbiyyatında tutduğu mövqe və bəşəri ideyaları haqqında dəyərli fikirlərini bölüşüb. O, şairin məşhur “Xəmsə” əsərləri toplusu barədə ətraflı məlumat verərək Nizaminin əsərlərində əks olunan humanizm, ədalət, mənəvi kamillik, elm və insanlıq kimi ali dəyərlərin əhəmiyyətini vurğulayıb.

Tələbələr dahi şairin irsini daha yaxından tanımaq, onun Azərbaycan və dünya ədəbiyyatına bəxş etdiyi zəngin mənəvi xəzinə ilə tanış olmaq imkanı əldə ediblər.

Ziyarətdə Filologiya və xarici dillər fakültəsinin dekanı Yadigar Əliyev, humanitar məsələlər üzrə dekan müavini Arzu Babayeva, Alman dili kafedrasının müdiri Elvin Atakişiyev və Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi Vüsal İsgəndərov iştirak ediblər.

Belə maarifləndirici tədbirlər tələbələrin nəzəri biliklərinin zənginləşdirilməsi, milli ədəbi irsimizin dərindən mənimsənilməsi və gənc nəslin mənəvi-intellektual inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.