“Nitq mədəniyyəti və mədəni nitq anlayışı” mövzusunda elmi-nəzəri seminarı keçirildi

28 oktyabr 2026-cı il tarixində Azərbaycan dili kafedrasının müəllimi Məmmədova Günel Əflatun qızının “Nitq mədəniyyəti və mədəni nitq anlayışı” mövzusunda elmi-nəzəri seminarı keçirildi.

Çıxışçı nitq mədəniyyətinin ədəbi dil normalarına düzgün əməl etmək, fikri aydın, dəqiq, məntiqli və ifadəli şəkildə çatdırmaq bacarığı olduğunu qeyd etdi. O, nitq mədəniyyətinin yalnız qrammatik qaydalara riayət etməklə məhdudlaşmadığını, eyni zamanda sözlərin düzgün seçilməsi, fikirlərin ardıcıl ifadə olunması, səs tonunun və danışıq tərzinin ünsiyyət şəraitinə uyğunlaşdırılması ilə bağlı olduğunu vurğuladı. Məruzəçi mədəni nitqin əsas xüsusiyyətlərinin düzgünlük, aydınlıq, məntiqilik, zənginlik, ifadəlilik və etik normalara uyğunluq olduğunu bildirdi. O, mədəni nitqin insanın dünyagörüşünü, təfəkkürünü və ümumi mədəni səviyyəsini əks etdirdiyini qeyd edərək, ünsiyyət zamanı qarşı tərəfi dinləməyin, onun fikirlərinə hörmətlə yanaşmağın və nəzakətli ifadələrdən istifadə etməyin əhəmiyyətini izah etdi.Eyni zamanda, çıxışçı nitq mədəniyyəti ilə mədəni nitq anlayışlarının bir-biri ilə sıx bağlı olduğunu qeyd etdi. Nitq mədəniyyətinin düzgün və təsirli danışmaq bacarığını formalaşdıran qayda və prinsiplər sistemi, mədəni nitqin isə həmin qaydaların real ünsiyyət prosesində tətbiqi olduğunu vurğuladı. O, fikrini nümunələrlə əsaslandıraraq bildirdi ki, mədəni nitq insanların bir-birini daha yaxşı anlamasına, sağlam ünsiyyət münasibətlərinin qurulmasına və cəmiyyətdə qarşılıqlı hörmətin möhkəmlənməsinə xidmət edir.