Sağlam gələcək naminə Narkomaniyaya yox deyək adlı maarifləndirici tədbir keçirildi

27.10.2026-cı il tarixdə Filologiya və xarici dillər fakültəsində “Sağlam gələcək naminə narkomaniyaya yox deyək ” adlı maarifləndirici tədbir keçirildi. Tədbirin keçirilməsində məqsəd cəmiyyətimizin xüsusilə də gənc nəslin sağlamlığını və gələcəyini təhdid edən narkomaniya probleminə diqqət çəkmək, sağlam həyat tərzinin əhəmiyyətini vurğulamaq və gənclər arasında bu istiqamətdə maarifləndirmə işini gücləndirməkdir. Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə başladı. Daha sonra şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad olundu. Narkomaniya haqqında videoçarx izlənildi.

Humanitar məsələlər üzrə prorektor Gülsüm xanım Fətəliyeva “Sağlam gənclik- güclü dövlət” adlı çıxışı ilə tələbələrə narkomoniya və digər zərərli vərdişlərdən uzaq olmağı tövsiyə etdi. Gənclərə həyatda düzgün qərar verməyə və ətraf mühit işlərini düzgün qiymətləndirməyə, yalnış dost seçimi etməməyə və psixoloji çətinliklərdən uzaq durmağa çağırdı. Filologiya və xarici dillər fakültəsinin dekanı dosent Yadigar Əliyev “Ağ ölümə qarşı mübarizə sağlam həyatın təminatıdır” mövzusunda çıxış etdi. Çıxışda tələbələri ağ ölümə qarşı sağlam həyat tərzini seçməyə , idman, elm mütaliə və digər faydalı, yaradıcı işlərlə məşğul olmağa səslədi. Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi Həmid Abbasov, eləcə də Elmi məsələlər üzrə dekan müavini Mehriban Məmmədova da öz çıxışlarında narkomaniyaya qarşı mübarizənin yalnız bir qurumun deyil, ailənin, təhsil müəsissələrinin və bütövlükdə cəmiyyətin birgə səylərini tələb edən məsuliyyətli bir iş olduğunu bildirdilər. Sonda Filologiya ixtisasının IV kurs tələbə Çinarə İbrahimova “Narkotik vasitələrin tarixi” adlı məruzə ilə çıxış etdi.

Sağlam həyat tərzi və məlumatlılıq, düzgün seçim və həmrəylik gənclərin sağlamlığının qorunması və onların gələcəyə inamla addımlaması narkomaniyaya qarşı mübarizədə hər birimizin ortaq məsuliyyətidir.