


29.04.2026-cı il tarixində Leksika və ölkəşünaslıq kafedrasının müəllimi Vüsalə Əhmədova tərəfindən “Praktiki xəbər və media mətnlərinin tərcüməsi” mövzusunda metod seminarı keçirilmişdir. Seminarın əsas məqsədi ali təhsil mühitində müasir media mətnləri ilə işləmə bacarıqlarının inkişafı, tələbələrin tərcümə prosesində fəal iştirakının təmin edilməsi və media sferasında tətbiq olunan effektiv tərcümə üsullarının təqdim edilməkdir.
Keçirilən seminar müasir ali təhsil sistemində media və xəbər mətnlərinin tərcüməsi metodlarının əhəmiyyətinə həsr olunmuşdur. Seminar zamanı ənənəvi hərfi tərcümə yanaşmalarının məhdudiyyətləri vurğulanmış, tələbəyönümlü və interaktiv metodların tərcümə prosesində rolu elmi və praktiki baxımdan əsaslandırılmışdır.
Seminarda interaktiv metodların yalnız dərsi maraqlı etmək üçün deyil, tələbələrin tənqidi təfəkkürünün, xəbər kontekstini anlama, siyasi-sosial terminologiya ilə işləmə və operativ qərar qəbul etmə qabiliyyətlərinin inkişafı üçün mühüm vasitə olduğu nümayiş etdirilmişdir. Real media keyslərinin təhlili (case study), “Xəbər otağı” (Newsroom) simulyasiyası, “Tərcümədə transformasiyalar” metodu və redaktə oyunları kimi fəaliyyətlərin tətbiqi konkret nümunələrlə izah edilmişdir.
Xüsusilə diqqətçəkən məqamlardan biri müəllimin rolunun dəyişməsi olmuşdur. Müəllim yalnız hazır tərcümə variantını təqdim edən deyil, öyrənməni istiqamətləndirən fasilitator, redaktor və mentor kimi təqdim edilmiş, tələbələrin aktiv diskussiyasını və yaradıcı tərcümə yanaşmalarını təşviq edən mühitin yaradılmasının əhəmiyyəti vurğulanmışdır.
Seminar zamanı qiymətləndirmə metodlarına da xüsusi diqqət yetirilmişdir. Formativ və summativ qiymətləndirmə üsulları, eləcə də tələbələrin xəbər başlıqlarının adekvat tərcüməsi, üslubun qorunması və sürətli tərcümə bacarıqlarının obyektiv qiymətləndirilməsi yolları izah edilmişdir.
Seminar çərçivəsində təqdimat slaydlari, aktual xarici media xəbərlərindən seçilmiş tapşırıqlar, qrup işləri və sual-cavab üsullarından istifadə olunmuş, iştirakçıların fəal iştirakı təmin edilmişdir. Təqdim olunan metodların dərs prosesində effektiv şəkildə tətbiq oluna biləcəyi qənaətinə gəlinmişdir.
Nəticə etibarilə, seminar ali təhsildə praktiki xəbər və media mətnlərinin tərcüməsi metodlarının tətbiqinin təhsilin keyfiyyətinin artırılmasında, tələbələrin gələcək jurnalistika və tərcüməçilik fəaliyyətinə hazırlanmasında mühüm rol oynadığını bir daha göstərmişdir.