Heydər Əliyev Mərkəzi və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzdə yerləşən 16№-li kitabxana filialında 11 oktyabr 2019-cu il tarixdə Azərbaycanın Ümummilli lideri Heydər Əliyev irsinin təbliği ilə əlaqədar “Siyasət elminin dahisi” mövzusunda oxucu konfransı keçirildi.
Tədbirdə Gəncə Dövlət Universitetinin müəllimləri, I və II kurs tələbələri iştirak edirdi.
Tədbirdən əvvəl iştirakçılara mərkəzin əməkdaşı Əhmədova Sevinc Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolu və çoxşaxəli fəaliyyətini əks etdirən eksponatlar haqqında geniş məlumat verdi.
Tədbiri açıq elan edən böyük kitabxanaçı Mirvari Cəfərova qeyd etdi ki, qədim və zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan hər zaman öz tarixi şəxsiyyətləri ilə seçilmişdir. Bunların sırasında görkəmli, yenilməz, zəkalı, istedadlı sərkərdələr, dövlət və ictimai-siyasi, elm, mədəniyyət xadimləri az deyildir. Lakin bu tarixi şəxsiyyətlər sırasında Ulu Öndər Heydər Əliyev xüsusilə misilsiz bir mövqe tutur.
Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova “Vətənə, dövlətə, xalqa sədaqət andı”, GDU-nun humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva “Dünyanın ən böyük azərbaycanlısı”, Heydər Əliyev Mərkəzinin kiçik elmi işçisi Dursun Əliyeva “Heydər Əliyev və onun qurduğu müasir Azərbaycan”, GDU-nun xarici dillər fakultəsinin YAP Gənclər birliyinin sədr müavini, II kurs tələbəsi Ayxan Zeynalov “Ürəklərdə əbədi yurd salan insan” mövzusunda çıxışlar etdilər. Onlar qeyd etdilər ki, həyatın sərt, çətin sınaqlarına sinə gərən, ən çətin şəraitdən düzgün çıxış yolu tapan, qəlbində Vətən sevgisi, milli ruh gəzdirən qüdrətli şəxsiyyət, Ulu Öndər Heydər Əliyev milli-mənəvi dəyərlərimizin dirçəlişi, mədəniyyətin yüksəlişi istiqamətində çox mühüm addımlar ataraq müstəqil düşüncəyə yol açmış, müstəqilliyə gedən yolumuzu işıqlandırmışdır. Müstəqil Azərbaycan və onun əldə etdiyi uğurlar Ümummilli liderimiz Heydər Əliyevin fəaliyyətinin şah əsəridir.
Tədbir boyu iştirakçılar mövzu ilə bağlı fikirlərini bildirdilər və onları maraqlandıran suallara ətraflı cavab verildi.
Sonda iştirakçılarla xatirə şəkli çəkdirildi.