

13 oktyabr 2026-cı il tarixdə Gəncə Dövlət Universitetinin Rus dili kafedrasının dosenti Sevinc Bağırova tərəfindən “Xarici dilin kommunikativ fonetikası” fənni üzrə açıq dərs təşkil olundu. Dərs Filologiya və xarici dillər fakültəsinin rus dili müəllimliyi ixtisası üzrə 1-cü kurs tələbələri ilə keçirildi.
Dərs zamanı “Samitlərin kar və cingiltili olmasına görə fərqləndirici əlamətləri” mövzusu təkrar olundu. Tələbələr kar və cingiltili samitlərin yaranma xüsusiyyətlərini, onların tələffüzündə səs tellərinin iştirakını və əsas fərqlərini xatırladılar. Müxtəlif sözlər üzərində aparılan çalışmalar vasitəsilə mövzuya aid biliklər möhkəmləndirildi.
Daha sonra yeni mövzu – “Həmişə cingiltili samitlər” izah edildi. Müəllim bu samitlərin fonetik xüsusiyyətləri, tələffüz qaydaları və nitqdə işlənməsi haqqında məlumat verdi. Xüsusilə sonor samitlərin yaranması zamanı səsin üstünlük təşkil etməsi, onların kar qarşılığının olmaması və digər samitlərdən fərqləri nümunələrlə izah edildi. Tələbələr sözlərdə həmişə cingiltili samitləri müəyyənləşdirdilər, onların tələffüz xüsusiyyətlərini müqayisə etdilər.
Dərs interaktiv metodlarla təşkil olundu. Tələbələrə fərdi və qrup tapşırıqları verildi. Tapşırıqlar zamanı onlar sözlərin səs tərkibini təhlil etdilər, həmişə cingiltili samitləri seçdilər və həmin səslərin tələffüz xüsusiyyətlərini izah etdilər. Praktik çalışmalar tələbələrin mövzunu daha yaxşı mənimsəməsinə kömək etdi.
Dərsdə Fakültə dekanı dosent Yadigar Əliyev və kafedranın müəllim heyəti iştirak etdilər.