Filologiya və xarici dillər fakültəsinin tələbələri Gəncə Memorial Kompleksini ziyarət ediblər

Gəncə Dövlət Universitetinin Filologiya və xarici dillər fakültəsinin tələbələri milli yaddaşın qorunması, tarixi həqiqətlərin öyrənilməsi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi məqsədilə Gəncə Memorial Kompleksini ziyarət ediblər.
Ziyarət zamanı tələbələr xalqımızın tarixi, keçdiyi mübarizə yolu, Vətən uğrunda canlarından keçən qəhrəmanların şücaəti və milli yaddaşımızda silinməz iz qoyan hadisələr haqqında məlumat əldə ediblər. Memorial Kompleksdə nümayiş etdirilən materiallar tələbələrə tariximizin mühüm səhifələrini daha yaxından tanımaq, xalqımızın üzləşdiyi faciələri və azadlıq uğrunda apardığı mübarizəni dərindən dərk etmək imkanı yaradıb.
Tələbələr 2020-ci ildə Vətən müharibəsi dövründə Gəncə şəhərinin raket hücumlarına məruz qalması, dinc əhali arasında baş verən itkilər və şəhərin mülki infrastrukturuna vurulan ziyan haqqında ətraflı məlumat əldə ediblər.
2020-ci il oktyabrın 4, 5, 8, 11 və 17-də Gəncə şəhərinə raket zərbələri endirilib. Xüsusilə oktyabrın 11-də və 17-də baş verən hücumlar ağır faciələrlə nəticələnib. Rəsmi məlumatlara əsasən, hücumlar nəticəsində 6-sı uşaq olmaqla, 26 mülki şəxs həlak olub, 142 dinc sakin yaralanıb. Yaşayış evlərinə və mülki infrastruktura ciddi ziyan dəyib.
Tələbələr komplekslə tanış olarkən müharibənin dinc insanların həyatında yaratdığı ağır nəticələri, insan həyatının və sülhün əvəzolunmaz dəyərini bir daha dərk ediblər. Ziyarət zamanı həlak olan mülki şəxslərin xatirəsi ehtiramla yad edilib.