AZƏRBAYCAN DİLİ KAFEDRASININ DOSENTİ  SOLMAZ CƏFƏROVANIN 70 İLLİK YUBİLEY TƏDBİRİ

Gəncə Dövlət Universitetində Azərbaycan dili kafedrasının dosenti Solmaz Axund qızı Cəfərovanın yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə humanitar məsələlər üzrə prorektor dosent Gülsüm Fətəliyeva, Gəncə Dövlət Universiteti Azad Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Afaq Qasımova, Filologiya və xarici dillər fakültəsinin dekanı filologiya elmləri doktoru Yadigar Əliyev və Azərbaycan dili kafedrasının müdiri professor Telman Quliyev yubilyarı səmimi təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Bildirilib ki, Solmaz Axund qızı Cəfərova 1956-cı ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1963-cü ildə Gəncə şəhər 1 saylı orta məktəbinə qəbul olunmuş, 1973-cü ildə həmin məktəbi uğurla bitirmişdir. 1974-cü ildə H. Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universitetinin) Dil-ədəbiyyat fakültəsinə daxil olmuş, 1978-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə başa vurmuşdur. Tələbəlik illərində fəal ictimaiyyətçi kimi tanınmışdır.

Əmək fəaliyyətinə müxtəlif sahələrdə davam edən Solmaz Cəfərova 1980–1996-cı illərdə Gəncə şəhər Pionerlər Sarayında (indiki Gəncə şəhər Uşaq Yaradıcılıq Evi) siyasi-kütləvi şöbənin müdiri vəzifəsində çalışmışdır.

1996-cı ildən etibarən Gəncə Dövlət Universitetinin Azərbaycan dili kafedrasında müəllim kimi fəaliyyətə başlamış, 2006-cı ildən isə dosent vəzifəsində çalışır. O, uzun illərdir ki, Azərbaycan dilçiliyi sahəsində səmərəli elmi-pedaqoji fəaliyyəti ilə seçilir, gənc nəslin yetişdirilməsində mühüm xidmətlər göstərir.

Sonda yubilyar göstərilən diqqətə görə universitet rəhbərliyinə və kollektivə minnətdarlığını bildirib.