Elmi məqalələrin hazırlanmasında süni intellektin rolu adlı TEC təlim

Gəncə Dövlət Universitetinin Filologiya və Xarici dillər fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Elmi məqalələrin hazırlanmasında süni intellektin rolu” adlı təlim-seminar keçirilmişdir.

Təlimdə fakültənin dekanı Əliyev Yadigar, humanitar işlər üzrə dekan müavini Babayeva Arzu, tədris işləri üzrə dekan müavini Aslanova Məleykə, elmi işlər üzrə dekan müavini Məmmədova Mehriban, eləcə də fakültənin müəllim və tələbə heyəti iştirak etmişdir.

Seminarda “Qrammatika və ingilis dilinin tədrisi” kafedrasının baş müəllimi Türkan Cəlilova elmi məqalələrin hazırlanması prosesində süni intellekt alətlərinin rolu barədə ətraflı və məlumatlandırıcı çıxış etmişdir. O, məqalə mövzusunun seçilməsi, ədəbiyyat icmalının hazırlanması, mətnin strukturlaşdırılması, dil və üslub baxımından redaktə olunması, həmçinin mənbələrin düzgün təqdim edilməsində süni intellektdən səmərəli istifadə yollarını iştirakçıların diqqətinə çatdırmışdır.

Eyni zamanda, süni intellektdən istifadə zamanı akademik dürüstlük, plagiat riskləri və etik məsələlər də müzakirə olunmuşdur. Təlim iştirakçıları elmi məqalələrin hazırlanmasında müasir texnologiyaların tətbiqi ilə bağlı yeni biliklər əldə etmiş və bu vasitələrin elmi fəaliyyətə verdiyi töhfələri daha yaxından mənimsəmişlər.