Fakültəmizdə Elm Gününə həsr edilmiş kitab sərgisi və akademik təqdimat keçirildi

Gəncə Dövlət Universitetinin Filologiya və Xarici dillər fakültəsində Elm Gününə həsr edilmiş kitab sərgisi və akademik təqdimat keçirilib.  Universitetin Elm və İnnovasiyalar üzrə prorektoru, millət vəkili  Pərvin Kərimzadə giriş sözü ilə çıxış edərək bildirib ki,   2018-ci il aprelin 9-da Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında “Elm Günü”nün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Pərvin Kərimzadə  çıxışında  qeyd olunan Sərəncamın ölkədə elmin inkişafına təkan verdiyini, bu sahədə əsaslı keyfiyyət dəyişiliklərinə yol açdığını və gənc tədqiqatçıların yetişməsinə stimul yaratdığını vurğulayıb, Gəncə Dövlət Universitetində də son illərdə bu istiqamətdə görülən işlərdən və əldə olunan uğurlardan ətraflı danışıb.

Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva diqqətə çatdırıb ki,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev daim elmə, təhsilə, ədəbiyyata və ümumilikdə milli mədəniyyətimizə xüsusi diqqət və qayğı ilə yanaşır.

Tədbir çərçivəsində Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri Səba Namazovanın hazırladığı “Yaşıl yapraq” və “Qızıl Gəncə” məcmuələrinin transliterasiyalı nəşrinin  təqdimatı olub.

Daha sonra Dövlət Dil Komissiyasının üzvü, Azərbaycan dili kafedrasının məsləhətçi professoru Mübariz Yusifov “Dilçilik elmi müasir mərhələdə”, Filologiya və xarici dillər fakültəsinin elmi işlər üzrə dekan müavini Mehriban Məmmədova “Elm fədailəri”, Rus dili  kafedrasının dosenti Sevda Əliyeva “Süni intellekt və tərcümə”,  Fransız dili kafedrasının baş müəllimi Anar Həmidov “Tərcümədə – emosionallıq”, Magistratura şöbəsinin müdiri Emin Yaqubov “Elmin inkişaf mərhələləri” mövzusunda çıxış ediblər.

 Sonda akademik heyətin son illər ərzində apardığı elmi tədqiqat işlərinin nəticələri və nəşr etdiyi kitablara dair sərgi ilə tanışlıq olub.