
Hər il mart ayının 8-i Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur. Bu gün qadınların iqtisadi, ictimai və siyasi mübarizəsini, habelə ümumi olaraq qadınlara qarşı nəzakət, sevgi və məhəbbətin tərənnümünü ənənəvi hala gətirmişdir. Azərbaycan qadını tarixin bütün dövrlərində öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında müstəsna rol oynayıb. Ölkəmizin siyasi-ictimai, elmi, ədəbi-bədii, humanitar və digər sahələrində öz sözünü demiş qadınlar xüsusilə son dövrlərdə yüzilliklərə bərabər inkişaf yolu keçib, onların cəmiyyətdə, ictimai həyatda, ailədəki mövqeyində köklü dəyişikliklər baş verib.
Bu gün Azərbaycan qadını, alimdir, yazıçıdır, rəssamdır, həkimdir, neftçidir, arxeoloqdur… ən başlıcası isə bu sənət sahiblərini ailə və cəmiyyət üçün yetişdirən həyat müəllimi, anadırlar.
Təkcə bu gün yox, sabah da, o biri gün də – daim üzünüz gülsün, əziz xanımlar! Sizi həmişə zərif görmək istəyirəm. Qadın adını, ana adını və şərəfli nənə adını daşımağı hər bir azərbaycanlı xanıma arzu edirəm. Çünki onlar buna və bundan da yüksək, ali mənsəbə, hörmətə və məhəbbətə layiqdirlər. Unutmamalıyıq ki, bəşəriyyətin yarıdan çoxunu təşkil edən qadınlar, analar – bu zərif məxluqlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir.