27.05.2025-ci il tarixində Gəncə Dövlət Universitetində “Xarici dilin tədrisinə müasir yanaşmalar” mövzusunda təlim keçirilib. Rus dili kafedrasının dosenti Kubra Ələkbərova İsmayıl qızı tərəfindən aparılıb. Təlimin əsas məqsədi müasir pedaqoji metodlar, texnologiyaların tətbiqi və dil bacarıqlarının effektiv inkişafı yolları barədə danışmaq və fikir mübadilələri aparmaq idi. Təlim çərçivəsində iştirakçılar interaktiv müzakirələr, qrup işləri və praktiki nümunələrlə tanış oldular. Əsas vurğulanan məqamlar arasında kommunikativ yanaşma, texnoloji və layihə əsaslı tədris və rəqəmsal alətlərin istifadəsi xüsusi diqqət çəkdi.
Təlimin əsas hədəf qrupu xarici dil müəllimləri, təlimçilər və dil tədrisi sahəsində çalışan mütəxəssislər idi. Təlim iştirakçıları yeni metodlarla tanış olmaqla yanaşı, bir-biri ilə təcrübə mübadiləsi aparmaq imkanı da əldə etdilər. Təlimdə çıxış edən təlimçilər və ekspertlər müasir dünyada dil öyrənmənin yalnız kommunikasiya bacarıqları deyil, həm də mədəniyyətlərarası anlayış və qlobal vətəndaşlıq şüurunu formalaşdırmaqda vacib rol oynadığını vurğuladılar.






