




26 noyabr 2025-ci il tarixində Xarici Dillər Fakültəsinin Leksika və ölkəşünaslıq kafedrasının baş müəllimi Hüseynova Ayşən Mahir qızı İngilis dili müəllimliyi ixtisasının 1 -ci kurs tələbələri üçün “Dil Bacarıqları” fənni üzrə açıq praktik məşğələ dərsi keçirmişdir.
Açıq dərsin mövzusu: “Uzun və qısa yuxu vərdişlərinə malik şəxslər: Hansı daha sağlamdır?” Dərs açıq dərs müəllimin salamlaması və qısa giriş nitqi ilə başladı. Mövzu təqdim olunduqdan sonra tələbələr dərhal müzakirəyə cəlb edildi. Dərsdə gündəlik yuxu saatları, texnologiyanın yuxuya təsiri və şəxsi seçimlər barədə suallar verildi, bu da tələbələrin diqqətini mövzuya yönəltdi və interaktiv mühit yaratdı.
Dərs zamanı istifadə olunan metodlar: vizual slaydlar, kiçik qrup müzakirələri, rol oyunları, video və audio tapşırıqlar. Bu metodlar tələbələrin həm nəzəri biliklərini artırdı, həm də praktik bacarıqlarını inkişaf etdirdi, ünsiyyət və dinləyib-anlama qabiliyyətlərini gücləndirdi.
Müəllim slaydlar vasitəsilə uzun və qısa yuxu vərdişlərini izah etdikcə tələbələr fikirlərini bölüşdü və gündəlik həyatlarından nümunələr gətirdi. Ardınca tələbələr kiçik qruplara bölünərək slayddakı suallar əsasında müzakirə apardılar, sərbəst danışıq bacarıqları inkişaf etdirdilər. Daha sonra rol oyununda iki tələbə “long sleeper” və “short sleeper” rollarını canlandırdı, digərləri dialoqları dinləyib qiymətləndirdi.
Video mərhələsində əvvəlcə yeni sözlər izah edildi, sonra London yeraltı metropolitenində gecə növbəsində çalışan işçilər haqqında video göstərildi. Tələbələr boşluqları dolduraraq dinləyib-anlama bacarığını artırdı. Dinləmə tapşırıqlarında müsahibələri dinləyərək suallara cavab verdilər, bu da onların diqqət və reaksiyalarını gücləndirdi.
Dərs boyu tələbələrin fəallığı yüksək oldu; həm müəllimlə, həm də bir-biriləri ilə ingiliscə ünsiyyət qurdu, mövzunu nəzəri və praktik olaraq nümayiş etdirdilər. Slaydlardakı tapşırıqlar və fəaliyyətlər onların söz ehtiyatını, danışıq və müzakirə bacarığını artırdı. Dərsin sonunda tələbələr mövzu barədə fikirlərini bölüşdü və təqdimatı faydalı və maraqlı hesab etdilər.
Dərs iştirakçıları və qiymətləndirmə:
Dekan Əsgərov Əjdər: Dərsi yüksək səviyyədə təşkil olunmuş hesab etdi. O, slaydların strukturu, təqdimatın aydınlığı və tələbələrin fəal iştirakı vasitəsilə dərsin səmərəliliyini xüsusi vurğuladı. Dekan həmçinin metodların mövzuya uyğunluğunu və tələbələrin biliklərini praktikada tətbiq etmə imkanını yüksək qiymətləndirdi.
Rzayeva Mədinə: Dərsdə tələbələrin müzakirələrdəki fəallığını yüksək qiymətləndirdi. O, müəllimin izahının aydın və məqsədyönlü olduğunu qeyd etdi, dərsin təşkilatının tələbələri aktiv cəlb etdiyini vurğuladı. Rzayeva Mədinə dərsin həm məzmun, həm də metod baxımından uğurlu olduğunu bildirdi.
Məmmədova Aytən: Dərsdə tələbələrin interaktiv fəaliyyətlərdəki uğurunu yüksək qiymətləndirdi. O, həm slaydlardan, həm rol oyunlarından, həm də qrup müzakirələrindən tələbələrin bilik və bacarıqlarını praktik olaraq tətbiq etmələrinin dərsi daha effektiv etdiyini vurğuladı. Məmmədova Aytən dərsin ümumi keyfiyyətini, metodların məqsədəuyğunluğunu və tələbələrin öyrənmə prosesinə fəal qatılmasını müsbət qiymətləndirdi.
Rəhimli Aytən: Dərsdə tələbələrin bütün fəaliyyətlərdə, o cümlədən rol oyunları, video və audio tapşırıqları, qrup müzakirələrində göstərdikləri uğurları yüksək qiymətləndirdi. O, metodların tələbələrin diqqətini cəlb etməsi və biliklərinin praktik şəkildə möhkəmlənməsində effektiv olduğunu vurğuladı. Rəhimli Aytən dərsin hərtərəfli planlaşdırıldığını və tələbələrin fəal iştirakının dərsi daha cəlbedici etdiyini bildirdi.