Gəncə Dövlət Universitetində Akademik İngilis Dili Təlimləri Davam Edir: Diqqət Mərkəzində Dinləmə və Danışıq Bacarıqları
Gəncə Dövlət Universitetində akademik heyət üçün keçirilən “Akademik və Peşəkar İngilis Dili Bacarıqlarının İnkişafı” adlı təlim proqramının ikinci modulu 08 may 2025-ci il tarixində uğurla baş tutdu. Bu dəfəki modulun mövzusu “Dinləmə və Danışıq Bacarıqlarının İnkişafı” oldu. Təlim Qrammatika və ingilis dili tədrisi kafedrasının baş müəllimi p.f.d. Babayeva Arzu Tahir qızı tərəfindən keçirildi.
Təlimin əsas məqsədləri:
• Akademik və iş mühitinə uyğun real həyat situasiyalarında dinləmə bacarıqlarını inkişaf etdirmək
• Görüşlərdə və göstəriş vermə proseslərində işlədilən danışıq strukturlarını tətbiq etmək
• Aydın və məqsədyönlü danışıq bacarıqları formalaşdırmaq
• Eşidilən məlumat əsasında effektiv cavab vermə bacarığını artırmaq
Təlim zamanı iştirakçılar dinləmə ssenariləri və tapşırıqları üzərində işlədilər, tapşırıq göstərişlərinə dair nitq nümunələrini təhlil etdilər, tələbələrlə görüş təyin etməklə bağlı işgüzar dialoqlar quraraq danışıq bacarıqlarını inkişaf etdirdilər, həmçinin dinləmə strategiyalarını müzakirə edib fikir mübadiləsi apardılar. İştirakçılar həmçinin universitetlə bağlı ingilis dilində dinləmələr edərək praktik tapşırılar həll etdilər.
Təlim akademik heyətin gündəlik ünsiyyət proseslərində ingilis dilindən daha effektiv istifadə etməsinə dəstək məqsədi daşıyır və proqramın növbəti modulu 15 may tarixində keçiriləcəkdir.



