“Xarici dildə işgüzar və akademik kommunikasiya”fənni üzrə “İşgüzar yazıya giriş: E-poçt yazışmaları” mövzusunda açıq dərs keçirildi

Gəncə Dövlət Universitetinin Filologiya və xarici dillər fakültəsində, Leksika və Ölkəşünaslıq kafedrasında Nəzrin Hüseynova tərəfindən “Xarici dildə işgüzar və akademik kommunikasiya-2” fənni üzrə açıq dərs keçirilmişdir.
Açıq dərsin mövzusu “İşgüzar yazıya giriş: E-poçt yazışmaları (hissə 1 və 2)” olmuşdur.
Nəzrin müəllimə qeyd etmişdir ki, biznes və e-poçt yazışmaları sahəsində biliklərin təkmilləşdirilməsi müasir dövrdə tələbələrin peşəkar kommunikasiya bacarıqlarının formalaşmasında əsas faktorlardan biridir. O vurğulamışdır ki, rəsmi və qeyri-rəsmi e-poçt strukturlarının, kommunikasiya fellərinin, eləcə də “some/any”, sifət və zərf (adjectives vs. adverbs) kimi fundamental qrammatik qaydaların praktiki metodlarla mənimsədilməsi tələbələrin həm dil dəqiqliyini, həm də işgüzar yazı qabiliyyətini inkişaf etdirir.
Dərs zamanı iştirakçılara e-poçt yazışmalarının struktur xüsusiyyətləri, müraciət formaları, faylların əlavə edilməsi qaydaları (“Please find attached…”) və düzgün önlüklərin işlədilməsi haqqında ətraflı məlumat verilmişdir. Həmçinin, “504 Essential Words” dərsliyi üzrə leksik vahidlərin və mətnlərin analizi aparılmış, tələbələrin ifasında Hayley Wickenheiser və Hazel McCallion kimi şəxsiyyətlərin həyat hekayələrinin xülasəsi dinlənilmişdir.
Nəzrin müəllimə həmçinin “The Boardroom Battle” adlı interaktiv rol oyununun dərsin gedişatına necə tətbiq olunmasını nümayiş etdirmişdir. İki pərakəndə satış şirkətinin münaqişəsi zəminində qurulan bu simulyasiya vasitəsilə tələbələr CEO, Logistika və PR menecerləri rollarında çıxış edərək danışıqlar aparmış və kompromis həll yolları tapmışlar. Müəllim qeyd etmişdir ki, bu cür metodlar tələbələrin analiz qabiliyyətini, biznes etikasını və situasiyaya uyğun söz seçimi bacarığını artırır.
Dərs boyunca tələbələr böyük həvəs və fəallıq nümayiş etdirmiş, sual-cavab mərhələsində, diskussiyalarda və rol oyununda aktiv iştirak etmişlər.
Sonda Nəzrin müəllimə vurğulamışdır ki, tələbələrin bu cür yüksək fəallığı və real vaxt rejimində həyata keçirilən interaktiv müzakirələr işgüzar mühitdə sərbəst dialoq qurmağa və öyrənilən dil qaydalarının praktik tətbiqinə əlverişli şərait yaradır.