





08 may 2025-ci il tarixində Gəncə Dövlət Universitetinin akademik heyəti üçün dörd moduldan ibarət olan “Xarici dili öyrənmədə uğurun açarı: düzgün yanaşma və davamlılıq” adlı təlim proqramının “Xarici dil öyrənərkən ən çox edilən səhvlər və onların qarşısının alınması” adlı ikinci modulunun təqdimatı Praktik Xarici Dillər Kafedrasının müəllimi, filologiya üzrə fəlsəfə doktoru Həsənova Türkan İlqar qızı tərəfindən keçirildi.
Modula daxil olan mövzular:
1.“Ana dili kimi danışmaq” illuziyası və bu fikrin yaratdığı təzyiq
2. Sadəcə qrammatikaya fokuslanmaq
3. Passiv öyrənmə vərdişi (yalnız oxuma, yazma)
4. Vaxtsızlıq bəhanəsi – zamanın düzgün idarə olunmaması
Təlimin məqsədi
Xarici dil öyrənərkən qarşılaşılan ümumi səhvləri müəyyənləşdirərək, iştirakçılara bu səhvlərin qarşısını almaq üçün effektiv üsulların təqdim edilməsi
Təlim metodologiyası
- İnteraktiv müzakirələr
- Praktik tapşırıqlar
- Mühazirələr
- Rəy sorğuları
Təlim saat 12:30-13:30 zaman aralığında əyani formada, V tədris binasının kitabxanasında təşkil olunmuşdur. Təlim iştirakçıların ingilis dilini öyrənmə prosesində səhvlərin qarşısını almaq üçün düzgün üsul və strategiyalar tətbiq etməyi, daha diqqətli və məhsuldar olmağı mənimsəmələri ilə nəticələndi.
Təlim sonunda iştirakçıların sualları cavablandırıldı və iştirakçılar təlim haqqında fikirlərini bölüşdülər.
Təlimin sonrakı modulları may ayı ərzində hər həftə cümə axşamı günləri davamlı şəkildə təşkil olunacaq.
Bu təşəbbüs Gəncə Dövlət Universitetində çalışan bütün akademik heyətin xarici dil biliklərinin artırılmasına yönəlmiş davamlı inkişaf strategiyasının tərkib hissəsidir.