Gəncə Dövlət Universiteti Xarici Dillər fakültəsinin tələbələrinə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunub. YAP Gəncə şəhər Təşkilatı tərəfindən təşkil edilən təqdimat mərasimində təşkilatın məsul işçiləri, universitetin partiya fəalları, tələbə-gəncləri iştirak ediblər.
Tədbirdə giriş sözü ilə çıxış edən Xarici Dillət fakültəsinin dekanı, dosent Əjdər Əsgərov ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə əldə olunan nailiyyətlərdən, elm və təhsil sahəsində həyata keçirilən islahatlardan, gənclərə göstərilən diqqət və qayğıdan danışıb. Əjdər Əsgərov qeyd edib ki, bu günün gənclərinin cəmiyyətimizin aparıcı qüvvəsi olan Yeni Azərbaycan Partiyası sıralarına böyük həvəslə qoşulması, onların yüksək siyasi yetkinliyindən xəbər verir.
YAP Gəncə şəhər təşkilatı İdeologiya şöbəsinin baş məsləhətçisi Hüseyn Budaqov Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Patriyasının sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ictimai-siyasi, iqtisadi həyatında baş verən yeniliklərdən, tərəqqiyə, yüksəlişə, əhalinin maddi-rifah halının artırılmasına xidmət edən islahatların əhəmiyyətinə diqqət çəkib. Hüseyn Budaqov həmçinin bildirib ki, xalqa, Vətənə, dövlətçiliyə xidmət edən Yeni Azərbaycan Partiyası ümummilli lider Heydər Əliyevin ideyalarına əsaslanaraq, dövlətçiliyimizin möhkəmlənməsinə və dinamik inkişafına yeni-yeni töhfələr verir.
Gəncə Dövlət Universitetinin Xarici Dillər fakültəsinin məzunu olduğunu xatırladan YAP Gəncə şəhər Təşkilatının əməkdaşı Əli Şahverdiyev Yeni Azərbaycan Partiyası sıralarına yeni qoşulan gənclərin partiyanın həyatında fəal iştirak edəcəklərinə, ictimai fəallıqla yanaşı yüksək bilik və peşə ixtisas hazırlığı nümayiş etdirəcəklərinə böyük inamı olduğunu qeyd edib.
Tədbirin sonunda YAP sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edilib.