





25 noyabr 2026-cı il tarixində Gəncə Dövlət Universitetinin Filologiya və xarici dillər fakültəsi üzrə Tələbə Gənclər Təşkilatının (TGT) hesabat-seçki iclası keçirildi.
İclasda fakültə üzrə TGT-nin fəaliyyəti, görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olundu. İlk olaraq təşkilatın əvvəlki sədri Nərmin Abbasova hesabatla çıxış edərək sədr olduğu müddətdə tələbələrin asudə vaxtının səmərəli təşkili, ictimai fəallığının artırılması və müxtəlif fəaliyyətlərin həyata keçirilməsi istiqamətində görülən işlər barədə məlumat verdi. Hesabat iştirakçılar tərəfindən qəbul edildi.
Daha sonra açıq səsvermə yolu ilə fakültə üzrə Tələbə Gənclər Təşkilatının yeni idarə heyəti formalaşdırıldı. Səsvermənin nəticələrinə əsasən, 23 tələbə idarə heyətinin üzvü seçildi.
İdarə heyətinin ilk iclasında Tərcümə (ingilis dili) ixtisasının II kurs tələbəsi Məmmədzadə Yusif Firdovsi oğlu Tələbə Gənclər Təşkilatının fakültə üzrə sədri, Abbasova Aydagül Araz qızı və Duqi Burlaxatun Xaliq qızı isə sədr müavinləri seçildilər.
İclasda çıxış edən Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva universitetin ictimai həyatında Tələbə Gənclər Təşkilatının üzvlərinin fəallığını xüsusi vurğuladı. O, əvvəlki sədr Nərmin Abbasovanın IV kurs tələbəsi olması və məzuniyyət ərəfəsində təşkilatın fəaliyyətində davamlılığın təmin edilməsi məqsədilə yeni sədrin və idarə heyətinin seçilməsinin vacibliyini qeyd etdi.
Fakültənin dekanı dosent Yadigar Əliyev, Tələbə Gənclər Təşkilatının sədri İsrafil Abbasov çıxış edərək yeni seçiləcək sədrin intizamı, məsuliyyəti və tapşırıqlara ciddi yanaşması ilə digər tələbələrə nümunə olmasının vacibliyini diqqətə çatdırdı.
Yeni seçilən sədrə və idarə heyətinin üzvlərinə fəaliyyətlərində uğurlar arzulayırıq!