“KOMMUNİKASİYA ETİKASI. MÜRACİƏT FORMALARI. KOMMUNİKATİV ÜNSİYYƏT PROSESİNDƏ ETİK QAYDALAR VƏ DAVRANIŞ PSİXOLOGİYASI” MÖVZUSUNDA AÇIQ DƏRS KEÇİRİLDİ

20 noyabr 2026-cı il tarixində Azərbaycan dili kafedrasının müəllimi Məmmədova Günel Əflatun qızının Azərbaycan dilində işgüzar və akademik kommunikasiya fənninin ” Kommunikasiya etikası. Müraciət formaları. Kommunikativ ünsiyyət prosesində etik qaydalar və davranış psixologiyası” mövzusunda aşıq dərsi keçirildi. Açıq dərs Tərcümə (İngilis dili) ixtisası kurs I qrup II təşkil olunmuşdur. Tələbələrlə keçirilən açıq dərs zamanı müəllim kommunikasiya etikasının və nitq etiketinin insanların bir-birinə, cəmiyyətə münasibətini tənzimləyən mədəni, nəzakətli davranış və əxlaq normaları olduğunu qeyd etdi. O, nitq etiketinin tərəfdaşların sosial statusu, yaşı, vəzifəsi, peşəsi, milliyyəti, eləcə də ünsiyyətin baş verdiyi şərait nəzərə alınmaqla qurulduğunu vurğuladı. Dərs prosesində Azərbaycan nitq etiketində müraciət formalarının — “siz”, “xanım”, “bəy”, “müəllim”, “həkim” və digər vokativ sözlərin yerində və düzgün işlədilməsinin ünsiyyət mədəniyyəti baxımından mühüm əhəmiyyət daşıdığı bildirildi. Eyni zamanda, dinləmə mədəniyyətinin, dəqiqləşdirici və yönləndirici suallar vermə bacarığının, auditoriya qarşısında inamlı çıxış və davranış psixologiyasının, həmçinin rəsmi-işgüzar yazılı etiketlərin (ərizə, arayış, protokol, hesabat, bildiriş və s.) şəxsiyyətlərarası və işgüzar münasibətlərin səmərəli qurulmasında mühüm rol oynadığı izah olundu.
Açıq dərs zamanı müasir təlim metodlarından geniş istifadə olundu, mövzunun daha əyani və təsirli mənimsənilməsi məqsədilə qısa metrajlı filmlər nümayiş etdirildi. Tələbələr dərs boyu yüksək fəallıq göstərərək müzakirələrə qoşuldular, öz fikirlərini sərbəst ifadə etdilər və keçirilən viktorina vasitəsilə sual-cavab prosesində aktiv iştirak edərək mövzu üzrə biliklərini nümayiş etdirdilər. Ümumilikdə açıq dərs interaktiv və nəticəyönümlü şəkildə başa çatdı.