

25 noyabr 2026-cı il tarixində Azərbaycan dili kafedrasının dosenti Məlikova Gülarə Aqaid qızının “Aktual üzvlənmənin tərkib hissələri: Dilçilikdə “Tema” və “Rema” problemi” adlı elmi-nəzəri seminarı keçirildi. Son dövrlərdə dilin sintaktik quruluşu iki səviyyədə öyrənilir: bunlardan birincisi ilə ənənəvi (potensial) sintaksis, ikincisi ilə aktual sintaksis məşğul olur. Potensial sintaksisin obyekti dilin, aktual sintaksisin obyekti nitqin sintaktik quruluşudur. Potensial sintaksisin əsas vahidi cümlə, aktual sintaksisin əsas vahidi söyləmdir. S ö y l ə m (ingilis dilində statement, rus dilində vıskazıvanie) – müəyyən fikir ifadə edən ünsiyyət vahididir. Cümlənin söyləm funksiyasının əsas göstəricisi a k t u a l üzvlənmədir.
Mövzunun elmi aktuallığı
Müasir dilçilik elmi dilin yalnız statik sistem (potensial sintaksis) kimi deyil, həm də dinamik ünsiyyət vasitəsilə təzahür edən nitq fəaliyyəti (aktual sintaksis və kommunikativ aspekt) çərçivəsində öyrənilməsini tələb edir. Bu baxımdan tədqiqatın aktuallığı aşağıdakı mühüm amillərlə şərtlənir:
• Potensial və aktual sintaksisin vəhdəti: Ənənəvi qrammatika cümləni əsasən formal tərkib elementlərinə (mübtəda, xəbər və s.) görə təhlil edirsə, müasir linqvistikada cümləyə çoxaspektli vahid kimi yanaşılır. Qrammatik (formal) üzvlənmə ilə kommunikativ (aktual) üzvlənmənin əlaqəsinin öyrənilməsi dilin dərin qatlarının dərk edilməsi üçün zəruridir.
• Mətn və söyləm dinamikası: Cümlənin mətn daxilindəki funksional imkanlarının, xüsusilə tema (məlum olan) və rema (yeni məlumat) münasibətlərinin araşdırılması nitq prosesinin məntiqi-psixoloji mexanizmlərini açmağa imkan verir.
• Müasir dilçilik tendensiyalarına uyğunluq: Praqmatika və funksional qrammatikanın tələblərinə uyğun olaraq, V. Matezius və digər görkəmli dilçilərin irəli sürdüyü ideyaların Azərbaycan dili materialları əsasında sistemli şəkildə dəyərləndirilməsi dilçiliyimizdə bu istiqamətin nəzəri bazasının daha da zənginləşməsinə xidmət edir.
• Mürəkkəb sintaktik hadisələrin izahı: Aktual üzvlənmənin öyrənilməsi xüsusləşmə, parselyasiya, ellipsis və yarımçıq cümlələr kimi mürəkkəb sintaktik hadisələrin, eləcə də müxtəlif funksional üslubların və bədii mətnlərin struktur-semantik xüsusiyyətlərinin elmi şəkildə izah olunmasında mühüm rol oynayır. Təqdim olunan elmi-nəzəri seminar mövzusunda müəllim G. Məlikova Azərbaycan dilinin zəngin sintaktik quruluşu və onun öyrənilmə tarixi nəzərdən keçirilir, cümlənin tədqiqində ənənəvi (potensial) sintaksis ilə aktual sintaksis arasındakı fərqlər və qarşılıqlı əlaqələr haqqında geniş və ətraflı məlumat verdi, slaydlardan istifadə edərək cümlənin aktual üzvlənməsinə aid bədii mətnlərdən seçilmiş nümunələr əsasında fikrini dinləyicilərə çatdırdı. Elmi -nəzəri seminar maraqlı keçdi.