“Xarici dildə işgüzar və akademik kommunikasiya-2” fənni üzrə “504 Absolutely Essential Words” dərsliyinin 29 və 30-cu bölmələrini əhatə edən açıq dərsi keçirildi.

Gəncə Dövlət Universitetinin Filologiya və xarici dillər fakültəsinin İngilis dili kafedrasının dosenti Əliyeva Kəmalə Rafiq qızı tərəfindən “Xarici dildə işgüzar və akademik kommunikasiya-2” fənni üzrə “504 Absolutely Essential Words” dərsliyinin 29 və 30-cu bölmələrini əhatə edən açıq dərs keçirilmişdir.

Açıq dərsin əsas məqsədi tələbələrin ingilis dili üzrə leksik ehtiyatını zənginləşdirmək, yeni söz və ifadələrin mənimsənilməsini təmin etmək, onların kontekst daxilində düzgün istifadəsi bacarıqlarını inkişaf etdirmək, eləcə də işgüzar və akademik ünsiyyət şəraitində dil biliklərini praktik şəkildə tətbiq etməkdən ibarət olmuşdur.

Dərsin əvvəlində müəllim mövzunun aktuallığı və tədris məqsədləri haqqında məlumat verərək qeyd etmişdir ki, müasir dövrdə xarici dilin mənimsənilməsi yalnız qrammatik qaydaların və ayrı-ayrı sözlərin öyrənilməsi ilə məhdudlaşmır. Səmərəli kommunikasiya üçün geniş leksik bazaya malik olmaq, sözlərin semantik çalarlarını anlamaq, onları müxtəlif kommunikativ situasiyalarda düzgün və məqsədyönlü şəkildə işlətmək xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan “504 Absolutely Essential Words” dərsliyi tələbələrin söz ehtiyatının sistemli şəkildə genişləndirilməsi və kommunikativ kompetensiyalarının formalaşdırılması üçün mühüm tədris resursu kimi dəyərləndirilmişdir.

Dərs zamanı 29-cu bölmə üzrə exempt, repetition, blunder, comprehend, toil, maim, commend, final, mourning, vain, subside, daze, 30-cu bölmə üzrə isə appoint, mortal, occupant, depict, site, verse, quarter, quote, novel, attract, morality, roam kimi leksik vahidlərin mənaları, tələffüz xüsusiyyətləri, sinonim və antonimləri, eləcə də müxtəlif kontekstlərdə işlənmə imkanları izah edilmişdir. Müəllim yeni sözlərin yalnız tərcümə vasitəsilə deyil, nümunə cümlələr, situativ tapşırıqlar və mətnlər əsasında mənimsənilməsinin vacibliyini vurğulamışdır.

Mövzunun daha effektiv mənimsənilməsi məqsədilə dərsdə müasir təlim metodlarından, vizual materiallardan, təqdimatlardan və interaktiv tapşırıqlardan istifadə olunmuşdur. Tələbələrə nümayiş etdirilən şəkillər əsasında müvafiq sözləri müəyyənləşdirmək, sözləri onların mənaları ilə uyğunlaşdırmaq, boşluqları uyğun leksik vahidlərlə tamamlamaq, sinonim və antonimləri müəyyən etmək kimi tapşırıqlar verilmişdir. “Guess the Word” fəaliyyəti tələbələrin söz ehtiyatını, məntiqi təfəkkürünü və ingilis dilində sərbəst ifadə bacarıqlarını yoxlamaq baxımından xüsusi maraq doğurmuşdur.

Dərsin gedişində tələbələrin oxuyub-anlama, dinləmə, danışıq və yazı bacarıqlarının kompleks şəkildə inkişaf etdirilməsinə də diqqət yetirilmişdir. “Camp Safety” mövzusunda təqdim olunan mətn və vizual materiallar vasitəsilə tələbələrə məzmunu təhlil etmək, əsas fikirləri müəyyənləşdirmək, yeni leksik vahidlərin mətn daxilindəki funksional xüsusiyyətlərini araşdırmaq və əldə etdikləri məlumatları şifahi şəkildə ifadə etmək imkanı yaradılmışdır.

Bununla yanaşı, dərsdə qrup işlərinə və yaradıcı fəaliyyətlərə xüsusi yer ayrılmışdır. “Words in Action” yanaşması əsasında təşkil edilən tapşırıqlar zamanı tələbələr yeni öyrəndikləri sözlərdən istifadə etməklə müxtəlif kommunikativ situasiyalar qurmuş, fikirlərini əsaslandırmış və qrup şəklində təqdimatlar hazırlamışlar. Bu fəaliyyətlər onların əməkdaşlıq, müstəqil düşünmə, problem həll etmə və auditoriya qarşısında çıxış etmək bacarıqlarının inkişafına xidmət etmişdir.

Müəllim qeyd etmişdir ki, leksik materialın interaktiv metodlarla tədrisi tələbələrin dərsə marağını artırmaqla yanaşı, öyrənilən sözlərin uzunmüddətli yaddaşda möhkəmlənməsinə də müsbət təsir göstərir. Xüsusilə, sözlərin real və ya modelləşdirilmiş kommunikativ situasiyalarda tətbiqi onların passiv lüğət ehtiyatından aktiv nitqə keçidini asanlaşdırır.