“Happiness Facts and Myths. Happiness Formula. Class Survey” mövzusunda açıq dərs keçirildi

03.11.2026-cı il tarixdə Gəncə Dövlət Universitetinin “Leksika və ölkəşünaslıq” kafedrasının fəlsəfə doktoru, baş müəllimi Ayşən Hüseynovanın açıq dərsi keçirilib.

Dərs İngilis dili müəllimliyi ixtisası üzrə III kurs tələbələri üçün “Xarici dil bacarıqları” fənni çərçivəsində keçirilib. Dərs “Happiness Facts and Myths. Happiness Formula. Class Survey” (xoşbəxtlik anlayışının faktlar və miflər müstəvisində kommunikativ-interaktiv yanaşma əsasında təhlili və tənqidi qiymətləndirilməsi) mövzusuna həsr olunmuşdu.

Dərsdə tədris və öyrənmə metodları kimi ekspert metodu (“Expert Groups A–D” mərhələsində pul, başqalarına kömək, şəhər həyatı və təbəssüm mövzularında mətnlər üzrə), video təqdimatı (“The Happiness Formula” videomaterialı üzrə iş), araşdırma (“What makes you happy?” müsahibə tapşırığı və “Class Survey” mərhələsi), təqdimat (qrupların 30 saniyəlik çıxışları), test tapşırıqlarının yerinə yetirilməsi (videonun ikinci izlənilməsində düzgün variantların seçilməsi), kiçik qruplarda iş (ekspert və model hazırlayan qruplar), xüsusi nümunələrin öyrənilməsi və təhlili (altı film səhnəsi və Unit 3 “It all went wrong” bölməsindəki üç xəbər hekayəsi), problemli öyrənmə texnologiyası (yekun tapşırıqda hadisələrin ədalətli, yoxsa ədalətsiz olduğunun müəyyənləşdirilməsi) tətbiq olunub.

Qiymətləndirmə üsulları kimi bilik və bacarıqlara dair testlər (video üzrə düzgün variantların seçilməsi tapşırığı), şifahi təqdimatlar (qrupların 30 saniyəlik “Happiness Formula” çıxışları), sorğular (müsahibə və “Class Survey” mərhələləri), açıq müzakirələr (şəkil üzrə cütlük müzakirəsi və yekun “Fair or unfair?” müzakirəsi), frontal sorğu (dinləmə və video suallarının birgə yoxlanılması), qrup şəklində qiymətləndirmə (qrup təqdimatlarına qarşılıqlı rəy) və özünüqiymətləndirmə (proqnozların müsahibə nəticələri ilə müqayisəsi) istifadə edilib.

Dərs “Xoşbəxtliyi nə müəyyən edir?” sualı ətrafında açılıb. Tələbələr əvvəlcə insanların xoşbəxtliyini kənardan necə qiymətləndirdiyimizi cütlüklərdə müzakirə edib, sonra sinifdə qarşılıqlı müsahibələr aparıblar. Müsahibə cavabları lövhədə ümumiləşdirilib və tələbələrin öncədən söylədiyi proqnozlarla müqayisə olunub. Dinləmə tapşırığında tələbələr üç nəfərin danışığından onları xoşbəxt və ya narahat edən amilləri müəyyənləşdiriblər. Sonra emosiyaların dildə ifadəsi məqsədilə “It’s a Wonderful Life”, “Indiana Jones”, “Jaws”, “Star Wars”, “Pay It Forward” və “Jurassic Park” filmlərindən altı səhnə təhlil edilib, tələbələr şəxsi təcrübələrini ingilis dilində bölüşüblər.

Dərsin mərkəzi hissəsini “The Happiness Formula” videomaterialı təşkil edib. Tələbələr əvvəlcə video ilə bağlı açar sözləri müzakirə edib, videonu iki dəfə izləyərək sualları cavablandırıb və düzgün variantları seçiblər, nəticələr birgə yoxlanılıb. Daha sonra qruplarda xoşbəxtliyin komponentlərini əks etdirən öz modellərini hazırlayıb 30 saniyəlik qısa təqdimatlarla müdafiə ediblər. Sinif sorğusunda iştirak edən beş nəfərin cavablarının dinlənilməsi ilə davam edən mərhələdə tələbələr ekspert qruplarında pul, başqalarına kömək, şəhər həyatı və təbəssüm mövzularında mətnləri proqnozlaşdırma əsasında oxuyub məlumatı həmkarlarına çatdırıblar.

Yekun mərhələdə gündəlik uğursuzluqlarla bağlı leksika kontekstdə mənimsənilib, tələbələr üç xəbər hekayəsini ingilis dilində nəql edib və hadisələrin ədalətli, yoxsa ədalətsiz olduğu barədə əsaslandırılmış mövqe bildiriblər. Bu tapşırıq həm yeni leksikanın aktiv mənimsənilməsinə, həm də tələbələrin gələcək müəllimlik fəaliyyəti üçün vacib olan tənqidi düşünmə və fikri əsaslandırma bacarıqlarının inkişafına xidmət edib.

Açıq dərsdə iştirak edən kafedra əməkdaşları və qonaqlar dərsin metodiki cəhətdən yüksək səviyyədə qurulduğunu qeyd ediblər. Onların fikrincə, dərsdə müasir fəal təlim metodları və interaktiv üsullar məqsədyönlü şəkildə tətbiq olunub, mərhələlər arasında məntiqi keçid təmin edilib, tapşırıqlar tələbələrin dil səviyyəsinə və fənnin məqsədlərinə uyğun seçilib. Video, audio və film materiallarının yaratdığı real ünsiyyət mühiti tələbələrin dərsə marağını artırıb və onların fəal iştirakını təmin edib. Qeyd olunub ki, tələbələr ingilis dilində sərbəst fikir bildirmək, dinlədikləri məlumatın əsas detallarını müəyyənləşdirmək, qrupda əməkdaşlıq etmək və öz mövqelərini əsaslandırmaq bacarıqlarını nümayiş etdiriblər. İştirakçılar bu yanaşmanın gələcək ingilis dili müəllimlərinin peşəkar hazırlığı baxımından əhəmiyyətini vurğulayaraq dərsi yüksək qiymətləndiriblər.