



12 oktyabr 2026-cı il tarixdə Gəncə Dövlət Universitetinin Leksika və ölkəşünaslıq kafedrasında baş müəllim Hacıyeva Urqiyə Fərhad qızı tərəfindən “Tərcümə metodikası” fənni üzrə “Early Theorists” mövzusunda açıq dərs təşkil olundu. Dərs Filologiya və xarici dillər fakültəsinin İngilis dili müəllimliyi ixtisası üzrə 3-cü kurs tələbələri ilə keçirildi.
Dərs ingilis dilində aparıldı və iki hissədən ibarət idi. Birinci hissədə əvvəl keçilmiş “Early Theorists” mövzusu təkrar olundu. Tələbələr tərcümə nəzəriyyəsinin ilk tədqiqatçılarının fikirlərini, hərfi və sərbəst tərcümə arasındakı qədim mübahisəni xatırlayıb nümunələr üzərində müzakirə etdilər.
İkinci hissədə yeni mövzu izah edildi: tərcümənin növləri və şifahi tərcümə (Types of Translation. Oral Translation). Tələbələr tərcümənin forması, mətn növü və metodu üzrə təsnifatı, yazılı və şifahi tərcümənin fərqlərini öyrəndilər. Şifahi tərcümənin üç əsas növü, yəni ardıcıl (consecutive), sinxron (simultaneous) və pıçıltı ilə (whispered) tərcümə, onların işlədildiyi şərait, qeyd aparma texnikası və şifahi tərcümənin çətinlikləri nəzərdən keçirildi.
Dərs interaktiv metodlarla təşkil olunmuşdu. Qruplarda ifadələrin hərfi və sərbəst tərcümə variantları müqayisə edildi, tələbələr öz tərcümələrini süni intellekt tərcüməsi ilə yoxlayıb fərqləri izah etdilər. Dərsin praktik hissəsində tələbələr cütlərlə qısa nitqləri qeydlər aparmaqla ardıcıl şəkildə tərcümə etdilər.
Dərs tələbələrin tərcümə nəzəriyyəsi ilə praktikanı əlaqələndirməsinə, şifahi tərcümə vərdişlərini inkişaf etdirməsinə və müasir texnologiyalara tənqidi yanaşmasına xidmət etdi. Dərsin sonunda tələbələrə esse, qısa araşdırma və qrup tapşırıqları verildi.