“Təlim keyfiyyətinin artırılmasında təhsil taksonomiyalarının rolu və əhəmiyyəti” mövzusunda təlim keçirilib

Gəncə Dövlət Universitetinin Filologiya və Xarici Dillər fakültəsində professor-müəllim heyətinin peşəkar inkişafının dəstəklənməsi və tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə “Təlim keyfiyyətinin artırılmasında təhsil taksonomiyalarının rolu və əhəmiyyəti” mövzusunda elmi-praktik təlim təşkil olunub.

Təlimi Təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri, dosent Allahverdi İsgəndər oğlu Quliyev aparıb.

Tədbirdə təhsil taksonomiyalarının nəzəri əsasları, onların müasir tədris prosesində tətbiqi imkanları, öyrənmə nəticələrinin düzgün planlaşdırılması, qiymətləndirmə meyarlarının müəyyənləşdirilməsi və tələbəyönümlü tədris modelinin formalaşdırılmasında oynadığı rol ətraflı şəkildə izah olunub.

Çıxış zamanı xüsusilə Blum taksonomiyası əsasında öyrənmənin mərhələləri – xatırlamaq, başa düşmək, tətbiq etmək, təhlil etmək, qiymətləndirmək və yaratmaq – geniş şərh edilmiş, hər bir mərhələnin tədris prosesində istifadəsinə dair praktik nümunələr təqdim olunub. Bildirilib ki, təhsil taksonomiyalarından səmərəli istifadə müəllimlərə dərslərin məqsədlərini daha dəqiq müəyyənləşdirməyə, öyrənmə nəticələrini sistemli şəkildə planlaşdırmağa və tələbələrin bilik, bacarıq və kompetensiyalarını obyektiv qiymətləndirməyə imkan yaradır.

Təlim çərçivəsində müasir pedaqoji yanaşmalar, aktiv təlim metodları, tənqidi və yaradıcı düşünmənin inkişaf etdirilməsi, eləcə də öyrənənlərin yüksək idrak bacarıqlarının formalaşdırılması istiqamətində təhsil taksonomiyalarının əhəmiyyəti müzakirə olunub. İştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb və tədris prosesində tətbiq oluna biləcək praktik tövsiyələr verilib.