





19 iyun 2026-cı il tarixdə fakültələrarası əlaqələr və elmi əməkdaşlıq çərçivəsində Azərbaycan dili kafedrasının müəllimi Nəbiyeva Ayşən Bəxtiyar qızının Fizika və texniki fənlər fakültəsində “İşgüzar kommunikasiyada verbal və qeyri-verbal nitq” mövzusunda elmi-nəzəri seminarı olmuşdur. Elmi seminarı giriş sözü ilə ÜTF və texnologiya kafedrasının müdiri t.ü.f.d., dos. Elçin Cavadov açdı. Daha sonra məruzəçi verbal ünsiyyətin növləri, yazılı və şifahi verbal ünsiyyətin xüsusiyyətləri, qeyri-verbal kommunikasiyanın vəzifələri, paralinqvistik vasitələrin funksiyaları haqqında məlumat verdi. Bundan başqa verbal nitqin əhəmiyyəti, qeyri-verbal ünsiyyəti öyrənən elmlər (kinesika, takesika, proksemika) və dünya miqyasında geniş yayılmış optik (görmə) simvollar barədə dinləyicilərə maraqlı məlumatlar çatdırdı. Həmçinin, Ayşən Nəbiyeva tez-tez istifadə olunan məşhur jestlərin mənalarına slayd vasitəsilə də aydınlıq gətirdi. Sonda Filologiya və Xarici dillər fakültəsinin dekanı f.e.d., dos. Yadigar Əliyev, Magistratura şöbəsinin müdiri t.ü.f.d., dos. Emin Yaqubov, Təcrübə və kariyera şöbəsinin müdiri dos. Cabbar Qarayev elmi seminar mövzusu və məruzəçi haqqında öz müsbət fikirlərini söylədilər və bu cür təşəbbüslərin həyata keçirilməsinin təqdirəlayiq hal olduğunu vurğuladılar.