Filologiya və Xarici Dillər fakültəsində I kurs tələbələri ilə görüş keçirilib


15 sentyabr – Bilik Günü münasibətilə Gəncə Dövlət Universitetinin Filologiya və Xarici Dillər fakültəsində I kurs tələbələri ilə görüş keçirilib.
Tədbirin əvvəlində fakültə rəhbərliyi və kafedra müdirləri tələbələri salamlayaraq onları tələbə adını qazanmaları və universitet həyatına qədəm qoymaları münasibətilə təbrik ediblər. Tələbələrə qarşıdakı təhsil illərində uğurlar arzulanıb, universitetdə yaradılan imkanlardan səmərəli istifadə etmələri, tədris prosesində fəal iştirak etmələri və seçdikləri ixtisas üzrə bilik və bacarıqlarını davamlı inkişaf etdirmələri tövsiyə olunub.
Filologiya və Xarici Dillər fakültəsinin dekanı Yadigar Əliyev tələbələri salamlayaraq yeni tədris ilinin başlanması münasibətilə onları təbrik edib, qarşıdakı tələbəlik illərində uğurlar arzulayıb. Dekan tələbələrin fakültənin elmi, ictimai və mədəni həyatında fəal iştirakının əhəmiyyətini vurğulayıb.
Görüş zamanı fakültənin kafedra müdirləri də tələbələri salamlayaraq öz fəaliyyət istiqamətləri barədə ümumi məlumat veriblər. Tələbələrə Leksika və Ölkəşünaslıq kafedrasının müdiri dos. Sevda Kazımova, Azərbaycan dili kafedrasının müdiri professor Telman Quliyev, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri dos. Səba Namazova, Rus dili kafedrasının müdiri dos. Kəmalə Əhmədova,Qrammatika və ingilis dilinin tədrisi kafedrasının müdiri dos. Elnarə Abdullayeva, eləcə də, Fransız dili kafedrasının müdiri Məhərrəm Orucov və Alman dili kafedrasının müdiri dos. Elvin Atakişiyev təqdim olunub. Kafedra rəhbərləri tələbələrə yeni tədris ilində uğurlar arzulayaraq təhsil prosesinə məsuliyyətli yanaşmağın, dərslərdə fəal iştirak etməyin və ixtisas üzrə biliklərini davamlı şəkildə artırmağın vacibliyini diqqətə çatdırıblar.
Tədris işləri üzrə dekan müavini Məleykə Aslanova tələbələrə tədris prosesinin təşkili, dərslərin keçirilməsi, akademik intizam və tələbələrin təhsil fəaliyyəti ilə bağlı əsas məsələlər barədə məlumat verib. Tələbələrin tədris prosesində fəallığının və məsuliyyətli yanaşmasının onların akademik uğurlarında mühüm rol oynadığı qeyd olunub.
Humanitar məsələlər üzrə dekan müavini Arzu Babayeva isə tələbələrə fakültənin təşkilati və ictimai fəaliyyəti, tələbələrin müxtəlif tədbir və layihələrdə iştirakı, tələbə təşəbbüslərinin dəstəklənməsi və fakültə həyatında fəallıq göstərmək imkanları barədə məlumat verib. Tələbələrə qarşılaşdıqları məsələlərlə bağlı fakültə rəhbərliyinə və aidiyyəti struktur bölmələrinə müraciət edə biləcəkləri bildirilib.
Görüşün sonunda tələbələrin sualları cavablandırılıb və onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Fakültə rəhbərliyi I kurs tələbələrini bir daha təbrik edərək onlara uğurlu, məhsuldar və yaddaqalan tələbəlik illəri arzulayıb.
[16:13, 15.09.2026] Arzu: I kursa 240 tələbə qəbul olub. 10 tələbə GDU üzrə ən yüksək bal toplayıb.