14 sentyabr 2026-cı il tarixində Qrammatika və ingilis dilinin tədrisi kafedrasının 2026/2027-ci tədris ili üzrə ilk iclası keçirilib. İclasda Filologiya və xarici dillər fakültəsinin dekanı Yadigar Əliyev iştirak edib.
İclasın gündəliyinə yeni tədris ilinə hazırlıq vəziyyətinin müzakirəsi, kafedranın professor-müəllim heyətinin tədris yükünün bölüşdürülməsi və təsdiqi, fənn proqramları və sillabusların, müəllimlərin fərdi iş planlarının müzakirəsi, həmçinin elektron tədris resurslarının hazırlanması və universitetin elektron təhsil sisteminə yerləşdirilməsi ilə bağlı məsələlər daxil edilib.
Müzakirələr zamanı 2026/2027-ci tədris ilində tədris prosesinin səmərəli təşkili, tədris yükünün müəyyən edilmiş tələblərə uyğun icrası, tədris-metodiki sənədlərin hazırlanması və sənədləşmə işlərinin düzgün aparılması ilə bağlı qarşıda duran vəzifələr diqqətə çatdırılıb.
İclasda gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, müvafiq qərarlar qəbul edilib və yeni tədris ilində qarşıya qoyulan vəzifələrin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı professor-müəllim heyətinə tövsiyələr verilib.
Sonda kafedranın professor-müəllim heyətinə yeni tədris ilində uğurlar, elmi-pedaqoji fəaliyyətlərində müvəffəqiyyətlər və qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində nailiyyətlər arzulanıb.




