






Gəncə Dövlət Universitetində 18 İyun – İnsan Hüquqları Gününə həsr olunmuş “Müasir cəmiyyətdə insan hüquqları” mövzusunda tədbir keçirilib.
Tədbirdə universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm Fətəliyeva, professor-müəllim heyəti, əməkdaşlar və tələbələr iştirak ediblər.
Tədbirdə insan hüquqlarının müasir cəmiyyətin inkişafındakı mühüm rolundan, hüquqi maarifləndirmənin əhəmiyyətindən və bu sahədə həyata keçirilən tədbirlərin vacibliyindən bəhs edilib. Bildirilib ki, insan hüquqlarının qorunması demokratik cəmiyyətin əsas prinsiplərindən biri olmaqla yanaşı, hüquqi dövlət quruculuğunun da mühüm şərtidir.
Daha sonra Humanitar məsələlər üzrə prorektor dosent Gülsüm Fətəliyeva çıxış edərək insan hüquqlarının təşviqi və hüquqi maarifləndirmənin cəmiyyətin inkişafındakı rolundan danışıb, bu istiqamətdə aparılan işlərin əhəmiyyətini vurğulayıb.
Tədbirdə Rus dili kafedrasının müdiri Kəmalə Əhmədova qadın hüquqlarının qorunması və gender bərabərliyinin təmin olunması, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi Həmid Abbasov insan hüquq və azadlıqlarının müdafiəsinin demokratik cəmiyyət üçün əhəmiyyəti, Alman dili kafedrasının baş müəllimi Vüsalə Kərimova uşaq hüquqlarının qorunması və onların hərtərəfli inkişafı məsələləri ilə bağlı məruzələrlə çıxış ediblər.
Praktik xarici dillər kafedrasının müəllimi Elzanə Musayeva rəqəmsal əsrdə və süni intellekt texnologiyalarının sürətli inkişafı şəraitində insan hüquqlarının qorunması sahəsində yaranan yeni çağırışlardan bəhs edib. Filologiya və xarici dillər fakültəsinin tədris işləri üzrə dekan müavini Məleykə Aslanova isə tələbə hüquqlarının müdafiəsi və gənclərin hüquqi maarifləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Çıxışlar zamanı insan hüquqlarının müdafiəsi, hüquqi şüurun formalaşdırılması, bərabər imkanların təmin edilməsi və müasir dövrdə qarşıya çıxan yeni hüquqi çağırışlar ətrafında geniş fikir mübadiləsi aparılıb.