Süni İntellekt Dövründə Akademik Yazının Tədrisi mövzusunda Seminar Keçirildi

Gəncə Dövlət Universitetinin Filologiya və Xarici Dillər Fakültəsində Leksika və ölkəşünaslıq kafedrasının müəllimi Urqiyə Hacıyevanın “Süni İntellekt Dövründə Akademik Yazının Tədrisi” mövzusunda seminarı keçirilmişdir. Seminara kafedra müəllimləri, gənc pedaqoqlar qatılmışdır. Tədbir müasir ali təhsil mühitinin ən aktual məsələlərindən birinə — akademik yazının yeni şəraitdə necə tədris edilməsinə — həsr edilmişdi.

Seminar üç əsas istiqamət üzrə qurulmuşdu. Birinci istiqamətdə akademik yazı dərslərinin strukturlaşdırılması, janra əsaslanan yanaşma və proses yönümlü qiymətləndirmə müzakirə edildi. İkinci istiqamətdə süni intellektin tədris aləti kimi inteqrasiyasına həsr olunmuş “Üç Zona Modeli” — Sİ-siz müstəqil yazı, şəffaf Sİ dəstəyi və Sİ çıxışının tənqidi təhlili — iştirakçılara təqdim edildi. Üçüncü istiqamətdə isə akademik saxtakarlığın müasir formaları, onların kökündəki səbəblər və tapşırıq dizaynı vasitəsilə profilaktika yolları ətraflı şəkildə araşdırıldı.

Seminar iştirakçılar tərəfindən yüksək maraqla qarşılandı. Müəllimlər xüsusilə praktik fəaliyyətləri və aşkarlama alətlərinin müqayisəli təhlilini faydalı hesab etdilər.