“Shapes and Numbers” mövzusunda açıq dərs

16 dekabr 2025-ci il tarixində Xarici Dillər Fakültəsinin Leksika və Ölkəşünaslıq kafedrasında fənnin adı “Tələffüz və şifahi nitq vərdişləri üzrə baş müəllim Əliyeva Günel Mübariz qızının “Shapes and Numbers” mövzusunda açıq dərsi keçirildi.

Açıq dərsin əsas məqsədi tələbələrdə ingilis dilində ədədlər və həndəsi fiqurların düzgün tələffüzünü formalaşdırmaq, onların şifahi nitq bacarıqlarını inkişaf etdirmək və mövzunun kommunikativ situasiyalarda tətbiqinə nail olmaq idi.

Dərs zamanı müəllim Wonder dərs vəsaitinin tələblərinə uyğun olaraq role playing (rol oyunu) metodundan səmərəli şəkildə istifadə etdi. Tələbələr müxtəlif rollarda çıxış edərək gündəlik həyatda rast gəlinən obyektləri shapes and numbers mövzusu çərçivəsində ingilis dilində təsvir etdilər. Rol oyunu prosesində tələbələr fiqurların adlarını, sayları və sadə cümlə strukturlarını düzgün tələffüz etməyə çalışdılar.

Əliyeva Günel Mübariz qızı dərs zamanı vizual kartlar, şəkillər və didaktik materiallardan istifadə edərək tələffüzə xüsusi diqqət yetirdi. Tələbələrin səsləri düzgün artikulyasiya etməsi, vurğu və intonasiyanın yerində işlədilməsi müəllim tərəfindən diqqətlə izlənildi və operativ geribildirim verildi.

Açıq dərs prosesində role playing fəaliyyəti tələbələrin şifahi nitqdə sərbəstliyini artırdı, onların dinləmə və danışıq bacarıqlarının inkişafına müsbət təsir göstərdi. Tapşırıqlar zamanı yaranan tipik tələffüz səhvləri izah edildi və düzgün nümunələrlə möhkəmləndirildi.

Dərsin sonunda mövzu ümumiləşdirildi, tələbələrin fəallığı qiymətləndirildi və Shapes and Numbers mövzusunun möhkəmləndirilməsi üçün ev tapşırıqları verildi.