8 noyabr – Zəfər Günü münasibətilə “Dəmir Yumruq tarix yazdı” adlı bayram tədbiri keçirildi

8 Noyabr – Zəfər Günü münasibətilə Gəncə Dövlət Universitetinin Xarici Dillər fakültəsində bayram tədbiri keçirildi. Tədbirdə fakültənin professor-müəllim heyəti və tələbələr iştirak etdilər.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, dövlət himni səsləndirildi.

Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva çıxış edərək Zəfər Gününün xalqımızın tarixində əzəmətli qürur və birlik rəmzi olduğunu vurğuladı. Qeyd olundu ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə torpaqlarımızın azadlığı və milli qürurumuzun bərpası deməkdir.

Tədbir zamanı tələbələrin hazırladığı bədii kompozisiyalar, şeirlər, musiqi nömrələri və videoçarxlar nümayiş etdirildi. Tələbələr Vətən, Qarabağ və Qələbə mövzularında səsləndirdikləri çıxışlarla tamaşaçılara duyğulu anlar yaşatdılar. I kurs tələbələrinin “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” adlı hazırladıqları flaşmob maraqla qarşılandı. “Ana duası” kompozisiyasında oğulları Vətənin azadlığı uğrunda döyüşə gedən ananın duaları , güclü siyasət və möhkəm iradə ilə qazanılan Zəfər nümayiş olundu. I kurs tələbəsi Fərəcli Günəşin ifasında “Xudayar təsnifi” iştirakçıların diqqətini cəlb etdi.

Sonda fakültə rəhbərliyi tədbirin təşkilatçılarını və iştirakçı tələbələri təbrik edərək onlara təhsil və yaradıcılıq fəaliyyətlərində uğurlar arzuladı.

Zəfər Günü münasibətilə keçirilən bu tədbir bir daha göstərdi ki, Gəncə Dövlət Universitetinin kollektivi Vətənə, onun azadlığına və müstəqilliyinə olan sarsılmaz sevgisini daim qoruyur və gənc nəslə bu mənəvi dəyərləri aşılayır.