Universitetin rektoru Yusif Yusibovun imzaladığı əmrə əsasən ali təhsil ocağında bütün texniki-təşkilati işlər yüksək səviyyədə başa çatdırılıb. İmtahan sessiyasının mövcud əsasnamələrə uyğun obyektiv keçirilməsi, imtahan prosesinə kənar müdaxilənin yol verilməməsi və tələbələrin biliklərini nümayiş etdirməsi üçün lazımi şərait yaradılıb. İmtahan cədvəlləri təsdiq edilib və hər bir fənn üzrə suallar vaxtında tələbələrə çatdırılıb. İmtahanla bağlı təlimat GDU-nun rəsmi saytında yerləşdirilib.
İmtahanların gedişinə operativ nəzarət və tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə GDU-da “İmtahan Qərargahı” və “Apellyasiya Komissiyası” təşkil olunub. Həmçinin imtahanlara ictimai nəzarətin həyata keçirilməsi məqsədilə elm xadimləri, millət vəkilləri, ictimaiyyət və KİV nümayəndələri, eləcə də tələbə valideynlərindən ibarət “İctimai nəzarət şurası” yaradılıb.Qeyd edək ki, payız semestrinin imtahan sessiyası yazılı, test, şifahi və yaradıcılıq tələb edən ixtisaslarda isə qabiliyyət formasında keçiriləcək.
Sessiya zamanı üzürlü səbəbdən imtahanda iştirak etməyən və akademik borcu yaranmış tələbələrə isə 03-14 fevral 2025-ci il tarixlərdə təkrar imtahan vermək imkanı yaradılacaq.


