tələbələrimiz xalq cümhuriyyəti muzeyində

Gəncə Dövlət Universiteti Xarici Dillər Fakültəsi tələbələri Azərbaycan Xalq Cümhuriyyətinin muzeyini ziyarət ediblər. Tələbələr xalqımızın qəhrəmanlıq tarixi və ziyalılarımızın azadlığımız uğrunda verdiyi mücadilə haqqında ətraflı məlumat alıblar.

Azərbaycan Xalq Cümhuriyyəti muzeyi Gəncədə, Azərbaycan Dövlət Aqrar Universitetinin binasında, Atatürk prospekti 450-də yerləşir. Muzey 1985-ci ilin mayında yaradılıb və universitetin nəzdində fəaliyyət göstərir.

Muzeyin eksponatları Azərbaycan Xalq Cümhuriyyətinin üç aylıq Gəncə dövrünü əhatə edir. Burada Azərbaycanın ilk Baş Naziri Fətəli xan Xoyskinin iş otağı yerləşir. Otaqda o zamandan olan əşyalar və sənədlər ilk olduğu kimi qorunub saxlanılıb. Fətəli Xan Xoyskiyə aid kabinetdə nazirin yazı masası, masanın üzərindəki əşyalar, divar saatı, dolab və rəflərdəki kitablar, eləcə də digər əşyalar indiyə kimi mühafizə olunur.

Muzeyin zallarında Həsən bəy Ağayev, Xudadat bəy Rəfibəyli, Nəsib bəy Yusifbəyli, Xəlil bəy Xasməmmədov və s. cümhuriyyət liderlərinin şəkilləri, onların qəbul etdikləri qanunlar və qərarlar nümayiş olunur. Həmçinin Qafqaz İslam Ordusunun xilaskar missiyasına və onun komandanı Nuru Paşaya həsr olunan sənədlər də var. Azərbaycanın ilk dövlət xəritəsi və istiqlal bəyannaməsi də bu muzeydə qorunub saxlanılır.