Təbiətin oyanması Novruz ilə başlayır və Azərbaycan xalqı hətta Novruzun gəlişinə bir ay qalmış bu bayramı çox təntənəli şəkildə qeyd edir. Belə ki, hər həftənin çərşənbə axşamı öz adət-ənənələrinə müvafiq olaraq – Su, Od, Torpaq və Yel çərşənbəsi (ilaxır və ya bayram çərşənbəsi) qeyd edilir. Xalq deyimlərinə görə, ilk çərşənbədə su və su mənbələri yenilənir və hərəkətə başlayır, ikinci çərşənbədə odun, üçüncü çərşənbədə torpağın, dördüncü çərşənbədə isə küləyin köməyi ilə ağaclarda tumurcuqlar cücərir və bütün bunlar yazın gəlişindən xəbər verir.
Novruz bayramı qədim adətlər və oyunlarla çox zəngindir. Qədim adətlərə misal olaraq “Xıdır İlyas”ı (məhsuldarlıq, çiçəklənmə simvolu), “Kos-kosa” əyləncəli meydan oyununu və fal açmanı göstərmək olar.
Od ilə bağlı maraqlı adət-ənənələr var. Odlar diyarı Azərbaycan ocaqla bağlı zəngin ənənələrə malikdir və bu, təmizlənmə, yenilənmə əlamətidir. Axır çərşənbədə – Novruz bayramının son çərşənbəsi – böyükdən kiçiyə hər kəs tonqal üstündən tullanmalıdır. Həm də nəzərə almaq lazımdır ki, bir tonqalın üzərindən yeddi dəfə, yaxud yeddi tonqalın hər birinin üzərindən bir dəfə tullanmaq lazımdır. Odun üzərindən tullananlar bu sözləri deməlidirlər: “Ağırlığım-uğurluğum odlara”. Tonqalı heç vaxt su ilə söndürmək olmaz. Tonqalın özü sönəndən sonra gənc qızlar və oğlanlar tonqalın külünü toplayaraq evdən uzağa atırlar. Bu o anlama gəlir ki, ailə üzvlərinin tonqalda yanan bütün uğursuzluqları kül ilə birlikdə uzaqlaşdırılır.
Su ilə təmizlənmə suyun real əlamətləri ilə bağlıdır. Su ilə əlaqəli ənənə Azərbaycanda yeni illə bağlıdır. Yeni ildə bulaq və çayın üzərindən tullanmaq o anlama gəlir ki, sən ötənilki günahlarını yudun. Bundan əvvəl ötən ilin son gecəsi yatmazdan qabaq insanlar bir-birilərini sulayırlar. Deyirlər ki, Novruzun son çərşənbəsinin gecəsi çaylar və bulaqlar dayanır, hətta ağaclar torpağa əyilir. Əgər kimsə həmin bayram gecəsi o sudan içsə, növbəti ildə xəstələnməyəcək. Novruz bayramının ən ali məqamı köhnə ilin ixtiyarı yeni ilə verməsi zamanıdır.