Gəncə Dövlət Universitetinin Filologiya və xarici dillər fakültəsində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər bizimlədir!” adlı ədəbi-bədii kompozisiya keçirildi.
Tədbirdə universitetin rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak etdilər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirin rəsmi hissəsində çıxış edən humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva 8 Noyabr – Zəfər Gününün tarixi əhəmiyyətindən, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi birlik və həmrəylikdən, şəhidlərimizin qəhrəmanlığından və qazilərimizin fədakarlığından bəhs etdi.
Pedaqogika kafedrasının baş müəllimi Bəsirə Abbasova isə çıxışında Vətən müharibəsinin qəhrəmanlıq salnaməsinə toxundu və şəhid Yüksəl Əlizadənin əziz xatirəsinə həsr etdiyi poemasını tədbir iştirakçılarına təqdim etdi. Poema Vətən sevgisini, şəhidlik zirvəsini və xalqımızın qəhrəmanlıq ruhunu əks etdirən mənəvi töhfə kimi diqqət çəkdi.
Daha sonra fakültə tələbələrinin hazırladığı “Zəfər bizimlədir!” adlı ədəbi-bədii kompozisiya təqdim olundu. Kompozisiyada Qarabağın işğal illəri, Şuşanın həsrəti, Vətən uğrunda verilən müqəddəs and, Azərbaycan əsgərinin qəhrəmanlığı və xalqımızın Zəfərə gedən şərəfli mübarizə yolu bədii səhnələr, şeirlər və musiqi nömrələri vasitəsilə canlandırıldı.
Xüsusilə Şuşanın azadlığına həsr olunan səhnələr, Azərbaycan bayrağının üç rənginin rəmzi mənasını ifadə edən bədii təqdimat, əsgərlə ata arasında telefon danışığını əks etdirən səhnəcik və Vətən müharibəsinin qəhrəmanlıq salnaməsini tərənnüm edən şeirlər tədbir iştirakçılarına təsirli anlar yaşatdı.
Tələbələrin ifasında səslənən vətənpərvərlik mahnıları, milli rəqslər, xor ifası və flaşmob kompozisiyanın bədii məzmununu daha da zənginləşdirdi. Səhnələşdirilən hər bir epizod Vətən sevgisinin, milli birliyin, azadlıq ruhunun və Zəfər qürurunun ifadəsinə çevrildi.
Kompozisiyanın əsas ideyası bir daha nümayiş etdirdi ki, Zəfər yalnız hərbi qələbə deyil, həm də bir xalqın sarsılmaz iradəsinin, torpağına bağlılığının, milli həmrəyliyinin və gələcəyə inamının təntənəsidir.
Tədbirin sonunda kompozisiyanın hazırlanmasında və təqdimatında əməyi olan tələbələrə və təşkilatçılara təşəkkür edildi.
8 Noyabr – Zəfər Günümüz mübarək!
Yaşasın müstəqil Azərbaycan! Qarabağ Azərbaycandır!










