1990-cı ilin 20 Yanvar hadisələrindən 34 il ötür.
20 Yanvar faciəsi tarixi yaddaşımızda təkcə kədərli hadisə, hüzn günü kimi qalmadı, onun xalqımızın taleyindəki və tarixindəki yeri məna və mahiyyət baxımından daha mötəbərdir. 20 Yanvar Azərbaycan xalqının tarixinə həm də fədakarlıq və qəhrəmanlıq zirvəsi kimi daxil oldu. Xalqımız XX yüzilliyin sonunda əvəzedilməz qurbanlar verdi, amma əsrlərlə iftixar ediləcək, qürur duyulacaq müstəsna iradə və cəsurluq, milli ruhun sarsılmazlığı ilə müşayiət olunan bir tarix qazandı. Bütün dünyaya sübut etdi ki, biz bir millət olaraq haqq-ədaləti bərqərar etməyə və öz ləyaqətimizi qorumağa qadirik. Odur ki, Qanlı Yanvar Azərbaycan xalqı üçün faciə olmaqdan daha çox ləyaqətini qorumaq baxımından ən uca zirvə, bu yolda hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli səhifədir. Tariximizin bu səhifəsi imperiya güllələrinin səsindən açılsa da, şəhidlərimizin qanı ilə yazıldı. Həm də əbədi yazıldı.