Məhərrəmova Suqurə İbrahim qızı
Suqurə İbrahim qızı Məhərrəmova
1958-ci il avqustun 7-si tarixində Gəncə şəhərində, ziyalı ailəsində doğulmuşdur.1981-ci ildə SSRİ-nin 50-illiyi adına APXDİ –ni (hazırkı Azərbaycan Dillər Universitetini) bitirdikdən sonra pedaqoji fəaliyyətə başlamış , Xanlar rayon (indiki Göygöl)Nadel kənd məktəbində ingilis dili müəllimi işləmişdir.Sonralar Gəncə şəhər 17 saylı orta və 5 saylı pilot məktəbdə ingilis dilini tədris etmişdir.1999 –cu ildən Gəncə Dövlət Universitetində Xarici Dillər Fakültəsində ingilis dilini tədris edir.2005-ci ildə Azərbaycan Dillər Universitetinin dissertantı olmuş və “Sosial fərqlərin tərcümədə adekvatlığı problemi(ingilis nəsrinin tərcümələri əsasında)” mövzusu üzərində işləmişdir.2009-cu ildə elmi müdafiəni uğurla həyata keçirərək Filologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsini almışdır.
Suqurə İbrahim qızı Məhərrəmova Gəncə Dövlət Universitetində “Leksika və ölkəşünaslıq”kafedrasında dosent vəzifəsində 2016-ci ilin yaz semestrinə kimi çalışmış,payız semestrindən isə həmin universitetin “Praktik xarici dillər”kafedrasında pedaqoji fəaliyyətini davam etdirir. O ,dilçiliyin və tərcümənin müxtəlif məsələlərindən bəhs edən çoxsaylı tədris və elmi-metodiki məqalələrin müəllifidir. Suqurə İbrahim qızı Məhərrəmovanın 2014-cü ildə nəşr olunmuş”Siyasi Ədəbiyyat və Terminlərin Tərcüməsi”adlı dərs vəsaiti tərcümə üzrə ixtisaslaşan tələbələr üçün böyük töhvədir.
Suqurə İbrahim qızı Məhərrəmova 2019-cu ildə dərc olunmuş “İngilis Ədəbiyyatı”adlı dərs vəsaitini həmmüəlliflərindən biridir.
Suqurə xanımın ilk mətbu əsəri hələ tələbə ikən 1978-ci ildə SSRİ-nin 50-illiyi adına APXDİ-nin “Bilik” qəzetində çap olunmuş”Onun təbəssümü” adlı oçerki olmuşdur.Mənsur şerlər yazsa da onlardan yalnız üçünü o vaxtkı “Kirovabad kommunisti “qəzetində nəşr elətdirmişdir.İlk kitabı Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən 1997-ci ildə Bakıda nəşr olunmuş “Qırmızı Mafə”adlanır.”Hekayələr”adı altında nəşr olunmuş ikinci kitabı 2001-ci ildə işıq üzü görmüşdür.
Suqurə müəllimə yüksək pedaqoji ustalığı ilə universitetin professor-müəllim heyətinin və tələbə kollektivinin dərin hörmətini qazanmışdır.Tədris etdiyi fənnləri yüksək elmi-medodiki səviyyədə həyata keçirir. Suqurə İbrahim qızı Məhərrəmovanın ingilis dilli ədəbiyyatdan, müxtəlif janrlı əsərlərin tərcüməsi orijinala sadiqliyi,yüksək bədii keyfiyyətləri ilə fərqlənməklə yanaşı həmçinin tələbələrin dünyagörüşünün genişlənməsinə,onların tərcüməyə olan marağının artmasına təkan verir.Məşhur amerikan yazıçısı Con Steynbekin “Mirvari” povestini dilimizə tərcümə edərək 2004-cü ildə ayrıca kitab şəklində çap etdirmişdir.Suqurə xanım Brayn Oldisin “Bayır”,Con Kristoferin “Muzey eksponatı” fantastik hekayələrini Azərbaycan dilinə tərcümə etməklə tərcümə ədəbiyyatının zənginləşməsinə öz töhvəsini vermişdir. Suqurə İbrahim qızı Məhərrəmova Azərbaycan şairlərinin şerlərini ingilis dilinə çevirməklə də məşğuldur.Məhsəti Gəncəvinin rübailərini ingilis dilinə tərcümə etmiş və Gəncə Elm Mərkəzi tərəfindən”Rubaiyat of Mahsati Ganjavi”(Məhsəti Gəncəvinin Rübailəri”)adı altında ayrıca kitab şəklində nəşr olunmuşdur. Mirzə Şəfi Vazehin qəzəl və şerlərini ingilis dilinə tərcümə etmişdir.Tərcümə olunmuş həmin qəzəl və nəğmələr M.Ş.Vazehin 220-illik yubileyi münasibətilə təşkil olunmuş universitet tədbirində tələbələrin ifasında tamaşaçılara təqdim olunmuşdur.Onun povest və hekayələri yazarların və oxucuların dərin marağına səbəb olmuşdur. ”Ulduz”,”Ədəbiyyat qəzeti” kimi ədəbi mətbuatda vaxtaşırı öz hekayələri və tərcümələri ilə çıxış edir.”Çala” hekayəsi “ Ulduz” jurnalında çap olunmuşdur. İngilis yazıçısı Somerset Moemin “Jiqəlou və Jiqolet”hekayəsini tərcümə etmiş və 2009-cu ildə “Ədəbiyyat qəzeti”ndə nəşr etdirmişdir.
2022 -ci ildə Suqurə İbrahim qızı Məhərrəmova öz tərcümələrini (ingilis dilində dərc olunmuş bədii və fəlsəfi nümunələrin azərbaycan dilinə tərcüməsi) “Nəsr Tərcümələri “ adı ilə kitab şəklində çap etdirmişdir.